×
A
A
A
Sazlamalar

FIDE prezidenti Maqnus Karlsenin bəyanatına münasibət bildirib

Bakı, 21 iyul, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç dünya çempionu norveçli Maqnus Karlsenin şahmat tacı uğrunda yarışda FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmadan imtina etməsi ilə bağlı açıq bəyanata münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, qurum rəsmisi Maqnus Karlsen kimi idman əfsanələrinin həmişə məqsəd və rekordlar üçün çalışdığını bildirib. O qeyd edib ki, M.Karlsen hələ gəncdir və yəqin ki, karyerasına daha çox titullar əlavə edə bilərdi. A.Dvorkoviç şahmatçının dünya çempionluğu uğrunda matçın formatının dəyişdirilməsi ilə bağlı konkret təklifləri ilə bağlı FIDE-nin dialoqa açıq olduğunu vurğulayıb. Qeyd edilib ki, bu ideyaların bəziləri mayda M.Karlsen və digər yüksək səviyyəli oyunçularla müzakirə edilib. Federasiya prezidenti dünya çempionunun titulunu qorumamaq qərarının, şübhəsiz ki, azarkeşlər üçün məyusluq, tamaşaçılar üçün isə pis xəbər olduğunu və federasiyada böyük boşluq yaratdığını deyib. O, bütün bunlara baxmayaraq indi şahmatın Maqnusun da sayəsində həmişəkindən daha güclü olduğunu və idman dünyasında ənənəvi yarışlardan olan dünya çempionatının davam edəcəyini bildirib.
Qeyd edək ki, Maqnus Karlsen dünya çempionluğu uğrunda matçın keçirilmə sisteminin dəyişdirilməsini tələb edib. Bununla yanaşı, o, Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə oynamaq istədiyini də açıqlayıb.

 

 

İdman 2022-07-21 13:39:00