×
A
A
A
Sazlamalar

Yayda qida rasionuna xüsusi fikir vermək lazımdır

Bakı, 18 iyul, AZƏRTAC

İsti havalarda əhali arasında tez-tez rast gəlinən sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Hətta bəzən ölümə səbəb olan bu gizli təhlükə yay aylarında özünü daha çox özünü büruzə verir. Qida zəhərlənməsi qidaların səbəb olduğu mədə-bağırsaq sisteminə dair şikayətlərə səbəb olan infeksion bir xəstəlikdir. Yediyimiz məhsulların tərkibindəki bəzi mikroorqanizmlər zəhərlər nəticəsində meydana çıxır.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Emin Əfəndibəyli AZƏRTAC-a deyib: “Qida zəhərlənmələrinin araşdırılması göstərir ki, həmin hala ən çox səbəb olan amil məhz mikrobioloji çirkləndirici olan bakteriyalar və onların ifraz etdiyi toksinlərdir. Məhz bu səbəbdən yay aylarında temperaturun artması ilə qida zəhərlənmələri halları artır”.
Qidanın qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət 1 saatdan 6 saata qədər, eləcə də 2-3 gün arasında dəyişə bilir. Qarın ağrısı, ürəkbulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin əsas əlamətləridir. Həmin əlamətlər arasına qızdırma da daxil olarsa, mütləq həkimə müraciət etmək lazımdır. “Ən çox qida zəhərlənməsinə səbəb olan qidalar bakteriyaların əlverişli mühitdə yetişə biləcəyi yüksək proteinli və soyuq zəncirdə saxlanıla biləcək qidalardır. Soyuq zəncirin təməlində yatan prinsiplərdən biri mikrobioloji inkişafın qarşısını almaqdır”,- deyə mütəxəssis bildirib.
Yayda ən çox ət və süd məhsulları, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalan dəniz məhsulları, yumurta və s. zəhərlənməyə səbəb ola bilər.
Mütəxəssis qida seçərkən xüsusi diqqət tələb edən məqamlardan da bəhs edib: “İlk növbədə istehlakçılara qablaşdırmasında zədə olan, yararlıq müddəti başa çatmış və istifadə müddətinin bitməsinə az vaxt qalmış qida məhsullarını əldə etməkdən imtina etmək tövsiyə olunur. Üzərində çürük, zədə və xarabolma əlamətləri olan, çox yetişmiş meyvə-tərəvəzlərin istehlak edilməsi də zəhərlənməyə səbəb ola bilər”.
Digər mövsümlərdən fərqli olaraq yayda qida rasionuna xüsusi fikir vermək lazımdır. Belə ki, zəhərlənmələrdən yayınmaq üçün qidaların hazırlanması, bişirilməsi və saxlanılmasına, o cümlədən gigiyenik qaydalara xüsusi riayət olunmalıdır.

 

 

Sağlamlıq klubu 2022-07-18 11:48:00