×
A
A
A
Sazlamalar

Türkiyə şirkəti Bakı Limanının “Gübrə terminalı”na sərmayə qoyacaq

Bakı, 15 iyul, AZƏRTAC

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və Türkiyənin ən böyük holdinqlərindən olan “Albayrak” şirkətlər qrupu arasında əldə edilən razılığa əsasən tərəflər Bakı Limanı ərazisində “Gübrə terminalı”nın inşası və idarəedilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.
AZƏRTAC xəbər verir ki, son illər Bakı Limanı vasitəsilə Mərkəzi Asiyadan Avropaya daşınan gübrə məhsullarının həcmində sürətli artım qeydə alınır. Təkcə ötən il bu rəqəm 66 faizlik artımla 1,1 milyon tona yaxın olsa da, mövcud potensial əldə edilən nəticədən qat-qat çoxdur. Bunun üçün ötən ildən başlayaraq Liman ərazisində illik gücü 2,5 milyon ton olan yeni “Gübrə terminalı”nın və tutumu 60 min ton olan gübrə anbarlarının tikintisi həyata keçirilir. Bakı Limanının strategiyasına uyğun olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi çərçivəsində “Albayrak” şirkətlər qrupu ilə imzalanan müqaviləyə əsasən sözügedən holdinq, növbəti ilin ilk yarısında istifadəyə verilməsi nəzərdə tutulan bu terminalın idarəedilməsində də iştirak edəcək.
Dünyanın müxtəlif ölkələrində liman idarəetməsi təcrübəsi olan “Albayrak” şirkətlər qrupu bu terminalın işinin ən müasir standartlar səviyyəsində qurulmasını, operativ logistika həllərinin tətbiqini və peşəkar ekspertlərin bu prosesə cəlb edilməsini təmin edəcək.
Əldə edilən bu razılaşma ilə gübrə məhsullarının daha böyük həcminin Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçidinin təmin edilməsi hədəflənir ki, bunun sayəsində də ölkə iqtisadiyyatına əlavə dəyər qatılacaq.
Yeni terminalın tam gücü ilə işləməsinin təmin edilməsi nəticəsində daha çox iş yerlərinin yaradılması mümkün olacaq. Bundan başqa hazırda Bakı Limanında gübrə məhsullarının aşırılması “Ümumi yük terminalı”nda icra edilir ki, yeni “Gübrə terminalı”nın işə düşməsi ilə bu məhsulların aşırılmasında artıma nail olunmaqla yanaşı Limanın ümumi yük həcmində də artımın olacağı proqnozlaşdırılır.

Nəqliyyat 2022-07-15 20:30:00