×
A
A
A
Sazlamalar

FHN: Şabran rayonunun Təzəkənd-Daşlı yataq-Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın söndürülüb

Bakı, 15 iyul, AZƏRTAC

Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” ASC tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğın nəticəsində meşə fonduna aid kol-kos və ağaclıq ərazi, habelə biçilmiş əkin sahələri də daxil olmaqla ümumilikdə təxminən 126 hektar sahə yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Aviasiya dəstəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak ediblər.

 

Hadisə 2022-07-15 19:44:00