×
A
A
A
Sazlamalar

Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş ataraq vaqonların şüşəsini sındıran azyaşlılar müəyyənləşdiriliblər VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni zamanda bu hal qatarın hərəkətində gecikməyə səbəb olub. Məlumat daxil olan kimi, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışlarına başlayıblar. Həyata keçirilmiş tədbir nəticəsində həmin hadisəni törədən şəxslər müəyyənləşdirilərək saxlanılıblar. Qatara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlər arasında ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları qeyd edilən hadisəni törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparıb və onların diqqətinə övladları üzərində nəzarəti daha da gücləndirməyin vacib olduğu çatdırılıb.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.

Hadisə 2022-07-15 12:47:00

Video