×
A
A
A
Sazlamalar

Dörd tona yaxın çətənə kolu və külli miqdarda digər növdən olan narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının son bir ay ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 60 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı özünə məxsus həyətdə aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə kolları yetişdirən Firuddin Babayev tutularaq rayon polis idarəsinin 14-cü polis bölməsinə gətirilib. Onun həyətindən ümumi çəkisi 3 ton 500 kiloqram olan 15 min 367 ədəd çətənə kolu aşkarlanıb. Maştağa qəsəbəsində keçirilən digər əməliyyatlar zamanı narkotiklərin kultivasiyası ilə məşğul olan əlavə altı nəfər saxlanıb. Həmin şəxslərdən isə çəkisi 500 kiloqram olan 17 min ədəd çətənə kolu aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan digər şəxslərdən isə ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Aşkar edilən faktlarla bağlı idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 38-i barədə məhkəmə tərəfindən həbs, 22-si haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Hadisə 2022-07-14 13:19:00

Video