×
A
A
A
Sazlamalar

Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır

Bakı, 13 iyul, AZƏRTAC

Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 milyon nəfəri ötüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilib ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96 faizini təşkil edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınıb. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36 faizini təşkil edir.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirib. Bundan əlavə, qeyd edilən ayda “Salam Air” aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açıb.
İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şarja və Minsk şəhərləri daxil olub.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yükdaşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülüb.
Bu mükafat öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.

Nəqliyyat 2022-07-13 16:56:00