×
A
A
A
Sazlamalar

FHN: Qurban bayramı günləri ərzində 405 yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 405 yanğına çıxış, 34 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində beşi azyaşlı olmaqla 40 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib. Yanğınlar zamanı bir nəfər xəsarət alıb, bir nəfər tüstüdən zəhərlənib. Həmçinin bağlı qapı arxasında aşkarlanan iki nəfərin və suda batan beş nəfərin cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2022-07-13 11:27:00