×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsiri altında soyuducu sistemi olmayan avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub

Bakı, 13 iyul, AZƏRTAC

Narkotik vasitənin təsiri altında soyuducu sistemi olmayan avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtomobil idarə edən Mürvət Orucovun qanunazidd əməllərinin qarşısı alınıb. Belə ki, 2022-ci il iyulun 11-də “Ford” markalı, 77-FB-235 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında stasionar postda saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Orucovun narkotik vasitə qəbul etməsi müəyyənləşdirilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Bununla yanaşı, nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, antisanitar qaydada və digər qeyri-qida məhsulları ilə birlikdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkarlanıb. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.
M.Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

 

Hadisə 2022-07-13 10:25:00