×
A
A
A
Sazlamalar

Fərman Qurbanlı: MİDA-nın həyata keçirdiyi layihələrdən 4-də tikinti işləri tam başa çatıb

Bakı, 8 iyul, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) fəaliyyətə başladığı gündən indiyədək 8 layihənin icrasına başlayıb. Bu layihələrdən artıq 4-də tikinti işləri tam başa çatıb. Gəncə Yaşayış Kompleksinin isə birinci mərhələsinin tikintisi yekunlaşıb.
Bu barədə MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı AZƏRTAC-ın sualını cavablandırarkən bildirib.
F.Qurbanlı qeyd edib ki, Gəncə Yaşayış Kompleksində artıq 7731 mənzil artıq inşa edilib. Bununla yanaşı, 13 sosial obyekt istifadəyə verilib. Bunlardan 4 ümumtəhsil məktəbi, 7-si bağça, 1 tibb mərkəzi və bir də ticarət mərkəzidir: “Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi və Sumqayıt şəhərində inşa olunan mənzillər güzəştli mənzillərdir. Hazırda tikintisi davam edən 4 layihəmiz mövcuddur ki, bu layihələrdə 4057 mənzilin tikintisi işləri davam etdirilir. Bu mənzillərlə yanaşı, bir sosial obyektin, 2 ümumtəhsil məktəbin və 3 sosial obyektin tikintisi davam etdirilir”.
MİDA təmsilçisi, həmçinin əlavə edib ki, işğaldan azad olunmuş Füzuli şəhərində də yeni yaşayış məhəlləsinin salınması istiqamətində Agentlik tərəfindən tikinti işləri həyata keçirilir. Bu günə qədər Agentliyin sərəncamındakı mənzillərə həm güzəştli mənzil sistemi, həm də dövlət sifarişi vasitəsilə 5761 nəfər sahib olub.
Ümumilikdə isə güzəştli mənzil sistemində qeydiyyatdan keçmiş şəxslərin sayı artıq 25 mini ötüb, yəni 25 min vətəndaş artıq güzəştli mənzil sistemindən qeydiyyatdan keçib.

Tikinti̇ 2022-07-08 19:34:00