×
A
A
A
Sazlamalar

Ukraynanın Sumı vilayətində Xocalı soyqırımı həqiqətlərinə dair stend yaradılıb

Kiyev, 8 iyul, AZƏRTAC

Ukraynanın Sumı vilayətinin Novaya Sloboda kəndində faşistlərin qurbanlarının anım abidəsində Xocalı soyqırımı həqiqətlərinə dair stend yaradılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun təşəbbüsü ilə yaradılan stendin açılış mərasimi də keçirilib.
Qeyd edək ki, 1942-ci il iyulun 7-də əksəriyyəti uşaq, qadın və qoca olmaqla, 600-ə yaxın günahsız insan Novaya Sloboda kəndində faşistlər tərəfindən qətlə yetirilib.
Yerli sakinlər, ərazi ictimaiyyətinin rəhbərliyinin nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.
Əfqan Salmanovun sözlərinə görə, Sumı sakinləri üçün əlamətdar olan yerdə Xocalı haqqında məlumatların əks olunduğu stend yaratmaq ideyası hələ 2020-ci ildə Xocalı soyqırımına həsr olunmuş və aparıcı tarixçilərin, Azərbaycan və Ukrayna parlamentlərinin deputatların iştirakı ilə keçirilən videokonfrans zamanı yaranıb.
“Biz “Kədər zəngi” abidəsinin lazımi vəziyyətdə saxlanmasına kömək edirik. Azərbaycan xalqı kimi, Ukrayna xalqı da bir neçə soyqırımı, insanların etnik zəmində məhv edilməsi tarixini yaşayıb. Bu, müasir dünyada qəbuledilməzdir. Artıq Xatirə Kompleksində Kryukovka, Liditse, Xatın, Pirçupis, Oradur-sür-Qlana həsr olunmuş stendlər quraşdırılıb. Xocalı haqqında daimi stend insan həyatının dəyərini xatırladan mühüm mesajdır. Bu, həyat prinsiplərini formalaşdırmalı olan yaddaşdır. Ukraynalılar və azərbaycanlılar hər zaman ağır günlərdə bir-birinə dəstək olublar”, - deyə fəxri konsul Əfqan Salmanov bildirib.
Putivl Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sergey Tupik isə çıxışında deyib ki, Novaya Slobada faciəsi qurbanlarının anım günündə hər il matəm tədbirləri keçirilir. “80 il keçdi və demək olar hər bir kənd ailəsinin o zaman yaxınlarını itirməsinin acısı səngimir. Təəssüf ki, tarixin qanlı səhifələri təkrarlanır. Bu gün biz Novaya Slobodanın abidəsində yeni stendlər açdıq. Abidənin saxlanmasında göstərdiyi dəstəyə görə fəxri konsul, Novoya Sloboda kəndinin fəxri vətəndaşı Əfqan Salmanova təşəkkürümü bildirirəm”, - deyə Sergey Tupik vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2022-07-08 13:08:00