×
A
A
A
Sazlamalar

Qurban bayramında Bakı metrosunda qatarlar adi iş günü qrafiki ilə hərəkət edəcək

Bakı, 8 iyul, AZƏRTAC

Müqəddəs Qurban bayramının qeyd edildiyi iyulun 9-10-da Bakı metropoliteninin iş rejimində dəyişikliklər olunacaq.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu tarixlər istirahət günləri hesab olunsa da, metrodan istifadə edən sərnişinlərin maksimum rahatlığını təmin etmək məqsədilə qatarlar adi iş günləri qrafiki ilə hərəkət edəcək. Bununla da iyulun 4-dən tətbiq edilmiş yay qrafikinə uyğun olaraq, iyulun 9-u və 10-da qatarların “Həzi Aslanov-28 May” sahəsi boyunca hərəkət intervalı saat 7:00-dan 21:00-a qədər 2 dəqiqə 30 saniyə olacaq. “Qırmızı” və “Yaşıl xət”lərin kəsişərək birləşdiyi “28 May” stansiyasından sonrakı sahələrdə interval, uyğun olaraq, 2 dəfə çox təşkil edəcək.
Bu günlər ərzində metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilməklə işçilərin növbətçilik cədvəli tərtib olunacaq.
İyul ayının 11-12-si istirahət günləri hesab olunduğundan qatarlar şənbə-bazar günlərinə uyğun təmin ediləcək. Hər iki gün “28 May-Həzi Aslanov” sahəsində qatarlar 3 dəqiqəlik intervalla hərəkət edəcək. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə çıxarılacaq.
“Bakmil” stansiyasına və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, mövcud bayram və istirahət günlərində tətbiq edilmiş iş rejimi nəzərə alınmaqla, iyulun 9-10-da iş günləri, iyulun 11-12-də isə istirahət günləri qrafikini əsas götürsünlər.
Gün ərzində “Bakmil” stansiyasına hərəkət edən qatarların iş və istirahət günləri qrafiki metropolitenin rəsmi saytının müvafiq bölməsində yerləşdirilməklə (http://metro.gov.az/az/schedule) ictimaiyyətə təqdim olunacaq.

Nəqliyyat 2022-07-08 12:48:00