×
A
A
A
Sazlamalar

AZAL-ın prezidenti İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı, 7 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə iyulun 7-də keçirilən görüşündə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, görüşdə aviaşirkətin prezidenti Cahangir Əsgərov ölkələr arasında mülki hava daşımaları sahəsində səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Diqqətə çatdırıb ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reyslərinin tezliyi həftədə beş dəfədir. Həmçinin “Israir” aviaşirkəti tərəfindən həftədə üç dəfə Təl-Əvivdən Bakıya və geriyə istiqamətdə uçuşlar həyata keçirilir.
“AZAL” aviaşirkəti İsraildəki tərəfdaşları olan turizm şirkətləri ilə birlikdə İsraildən Azərbaycana turist axınının formalaşdırılması və inkişafı üçün fəal və böyük işlər görür”, - deyə Cahangir Əsgərov qeyd edib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələrin nəqliyyat əlçatanlığının artırılması çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu əməkdaşlıq turist axınının həcminin artmasına və ölkələr arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edir.

Nəqliyyat 2022-07-07 17:09:00