×
A
A
A
Sazlamalar

Yaponiya alimləri Mars və Ayda yaşamaq üçün tikili yaratmaq niyyətindədirlər

Tokio, 6 iyul, AZƏRTAC

Yaponiyanın qərbində yerləşən Kioto Universitetinin alimləri və “Kajima” tikinti şirkətinin mütəxəssisləri gələcəkdə insanların Marsda və Ayda yaşamasına imkan verəcək tikili yaratmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 6-da NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, araşdırma qrupu uzunmüddətli həyat üçün yararlı şərait olacaq Yerin qravitasiyasına malik tikili yaratmağı planlaşdırır. Həmin problemi həll etmək üçün tikilinin öz oxu ətrafında fırlanması və bunun nəticəsində əmələ gələn mərkəzəqaçma qüvvəsinin hesabına qravitasiyanın yaradılması nəzərdə tutulur.
Qeyd edilir ki, tikilinin təqribən 200-400 metr hündürlüyündə, 200 metr diametrində olması planlaşdırılır. Tikinti işləri zamanı yalnız Yerdən aparılan deyil, həmçinin Marsın və Ayın səthində olan ehtiyatlardan istifadə olunacağı bildirilir.
Layihə barədə jurnalistlərə məlumat verən Kioto Universitetinin professoru Yosuke Yamaşita qeyd edib ki, hazırda həmin plan icra mərhələsində deyil: “Lakin buna baxmayaraq, Yaponiya həmin istiqamətdə üstünlüyə malik olduğunu və gələcəkdə bu tədqiqatları davam etdirmək niyyətini ortaya qoyub. Biz bununla bağlı tədqiqatları davam etdirəcəyik”.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2022-07-06 12:04:00