×
A
A
A
Sazlamalar

Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Bakı, 4 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini xatırladaraq ölkələr arasında əməkdaşlıq potensialının böyük olduğunu qeyd edib.
V.Qasımlı əməkdaşlığın 3 əsas istiqamətinin mövcud olduğunu vurğulayıb. Bunlar ticarət dövriyyənin artırılması istiqamətində iqtisadi əməkdaşlıq, hər iki ölkəyə qarşılıqlı olaraq investisiya layihələrinin cəlb edilməsi və nəqliyyat-logistika istiqamətində strateji işbirliyinin inkişafıdır.
İcraçı direktor, həmçinin Özbəkistanın 44 günlük Vətən müharibəsi dövründə və daha sonra işğaldan azad edilmiş ərazilərin bərpa prosesində göstərdiyi dəstəyi xüsusi vurğulayıb və təşəkkürünü bildirib.
Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov isə Azərbaycana ilk səfərindən çox məmnun olduğunu deyib. Əlavə edib ki, bir müddət əvvəl Prezidentlərin görüşü və onların rəhbərliyi ilə imzalanan sənədlərin icrası hər iki ölkəni Mərkəzi Asiyada transregional mərkəzə çevirə bilər. A.Nematov Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının hazırda 300-dən çox olduğunu əlavə edib və sənaye sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.
Qonaq, ölkəsinin Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakından, eləcə də Füzulidə Özbəkistanın “Prezident məktəbi” kimi tanınan yeni tipli məktəbinin tikiləcəyindən danışıb.
Sonda hər iki ölkənin əhəmiyyətli beyin mərkəzləri arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.
Qonaqlara “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında məlumat verilib.

İqtisadiyyat 2022-07-04 19:11:00