×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanası “Mirzə Ələkbər Sabir-160” adlı elektron məlumat bazası hazırlayıb

Bakı, 4 iyul, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir 160” adlı elektron məlumat bazası hazırlayıb.
AZƏRTAC xəbər verir ki, elektron məlumat bazası ilə tanış olmaq üçün kitabxananın rəsmi saytından (https://ryl.az/melumat-bazalari/Mirze_Elekber_Sabir_el_melumat_bazasi/index.html ) istifadə etmək olar.
Bazada görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, əsərlərindən nümunələr təqdim olunub. Burada M.Ə. Sabirin yubileyi ilə bağlı rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri fikirlər də yer alıb. Bundan əlavə, elektron bazada böyük satirik ustad, mahir pedaqoq M.Ə.Sabirin əsərlərindən (Azərbaycan, rus və digər xarici dillərdə), həyat və yaradıcılığı haqqında kitablardan (Azərbaycan rus və digər xarici dillərdə), ədibin sözlərinə yazılmış mahnılardan, haqqında çəkilmiş filmlərdən də bəhs edilir. “M.Ə. Sabir incəsənətdə” adlı bölmədə isə ədibin xatirəsinə ucaldılmış heykəl və abidələr, çəkilmiş portretlər haqqında məlumat verilir. Bazada M.Ə. Sabirin ev-muzeyi haqqında materiallar da təqdim olunub.

Mədəniyyət 2022-07-04 13:27:00