×
A
A
A
Sazlamalar

Vətən müharibəsi əlilləri də daxil olmaqla 24 nəfərə peşə şəhadətnamələri təqdim edilib

Bakı, 4 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclər üçün qiymətləndirmə aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmədə ümumilikdə 24 nəfər əlilliyi olan şəxs iştirak edib.
Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirakı ilə kompüter istifadəçisi, toxuculuq, rəssamlıq, dərzilik, aşpaz köməkçisi, xalçaçılıq, kişi bərbəri, qadın bərbəri və dulusçuluq da daxil olmaqla ümumilikdə 9 istiqamət üzrə təlimləri bitirən əlilliyi olan şəxslərin əldə etdikləri bilik və bacarıq səviyyələri yoxlanılıb. İmtahan komissiyasının qərarına əsasən onlardan 22 nəfərinə şəhadətnamə, 2 nəfərinə arayış təqdim edilib.
Ümumilikdə isə bu il ərzində müəssisədə 4 dəfə qiymətləndirmə aparılıb və kursları 89 nəfər şəhadətnamə ilə bitirib. Onlardan 22 nəfəri Vətən müharibəsi əlilləridir.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi həmin kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə əlilliyi olan 15-29 yaşlı şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Sosial 2022-07-04 12:33:00