×
A
A
A
Sazlamalar

Abşeronda şəhid Rəhim Hüseynovun 38-ci doğum günü qeyd olunub

Xırdalan, 3 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Düşmən üzərində Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Rəhim Qədir oğlu Hüseynovun 38-ci doğum günü qeyd olunub.
Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar II Fəxri xiyabanda uyuyan şəhidin məzarını ziyarət edib, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Regionlar 2022-07-03 19:55:00