×
A
A
A
Sazlamalar

Türkiyədə müalicə alan qazimiz doğma kəndinə qayıdıb VİDEO

Tovuz, 3 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazimiz evinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan Vətən müharibəsi iştirakçısı, 25 yaşlı Emil Qocayev şəhərin girişində ictimaiyyət nümayəndələri, qazilər, dostları, qohumları tərəfindən qarşılanıb.
Daha sonra avtomobil karvanı ilə Şəhidlər xiyabanına gələrək şəhidlərin məzarlarını ziyarət edib, yaşadığı kəndə yollanıb. Kənddə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və qazinin evinə qayıtması münasibətilə qurban kəsilib.
“Çox xoşbəxtəm ki, Vətənə borcumu ödəyə bildim, torpaqlarımızı azad etdik. Bu müqəddəs amal uğrunda yaralandım. Keçən il martın 25-də Türkiyəyə yola düşdük. Çox sağ olsun dövlətimiz, “YAŞAT” Fondu, müalicəmiz üçün nə lazımdırsa qarşıladı. Hər bir azərbaycanlının borcudur ki, Vətəni müdafiə etsin. Bir sözlə, canımız Vətənə fəda olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, – deyə qazi Emil Qocayev bildirib.
Qeyd edək ki, qazi Emil Qocayev Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib, oktyabrın 26-da Füzuli istiqamətində ağır yaralanıb.
On dörd ay Türkiyədə, Bursa xəstəxanasında müalicə alan Emil 9 dəfə əməliyyat olunub. Onun müalicəsi bundan sonra Bakıda Reabilitasiya Mərkəzində davam edəcək. Vətən müharibəsi qazisi Emil Qocayev “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Regionlar 2022-07-03 17:21:00

Video