×
A
A
A
Sazlamalar

“Məkkə” qəzeti: Bakıda Qoşulmama Hərəkatı tarixində daha bir mötəbər tədbir keçirildi

Qahirə, 3 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının ən çox oxucu kütləsinə malik olan “Məkkə” qəzeti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirak etdiyi Bakı konfransının Qoşulmama Hərəkatının tarixində daha bir mötəbər tədbir olduğu diqqətə çatdırılıb.
Bakı konfransında Səudiyyə Ərəbistanın parlamentinin sədri Abdulla bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etdiyini qeyd edən qəzet vurğulayıb ki, parlamentlərin sədrlərinin və üzvlərinin müzakirə etdikləri məsələlər arasında Yaxın Şərq və Körfəz regionunda davam edən silahlı münaqişələrin həlli, o cümlədən ərəb ölkələrində sülhün və təhlükəsizliyin təmin edilməsi də diqqət mərkəzində olub. Konfransın yekununa dair qəbul olunmuş Bakı Bəyannaməsi dünyada ədalətli düzənin qurulması, dayanıqlı inkişafa nail olunmasında Qoşulmama Hərəkatının rolunu ehtiva edib. Bu sənəddə, həmçinin təsisatın institusional strukturlarının təkmilləşdirilməsi, parlamentlərin fəaliyyətinin gücləndirilməsi və üzv ölkələrin qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri də öz əksini tapıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2022-07-03 15:10:00