×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı yenidən ATƏT PA-nın “İpək yolu”na dəstək qrupunun sədri seçilib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 2-də Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) 29-cu illik sessiyası çərçivəsində “İpək yolu”na dəstək qrupunun (SRG) 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və “İpək yolu”na dəstək qrupunun sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.
Tədbirdə əvvəlcə ATƏT PA-nın “İpək yolu”na dəstək qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. Məruzədə ötən dövr ərzində həyata keçirilmiş görüş və konfransların qısa xülasəsi verilib.
Toplantının davamında “İpək yolu”na dəstək qrupunun sədri və iki sədr müavinin seçkiləri keçirilib. İclas iştirakçıları Azay Quliyevin qrupun sədri qismində təqdirəlayiq fəaliyyətini vurğulayaraq növbəti dəfə onun namizədliyini təklif ediblər. Təklif səsə qoyulub və Azay Quliyev növbəti dəfə qrupun sədri seçilib. Qrupun sədr müavinləri vəzifələrinə isə İtaliya nümayəndə heyətinin rəhbəri Paulo Qrimoldi və Qazaxıstan nümayəndə heyətinin üzvü Aygül Kuspan seçiliblər.
Gündəliyin növbəti maddəsi üzrə çıxış edən Türkiyə nümayəndə heyətinin rəhbəri Selami Altınok “İpək yolu”na dəstək qrupunun Bakı, Vyana, Minsk və Andermatda uğurlu konfranslar keçirdiyini xatırladıb. Selami Altınok Qrupun növbəti konfransının Türkiyədə keçirilməsi təklifini irəli sürüb. Qrup növbəti konfransın cari ilin oktyabr ayının sonlarında keçirilməsini qərara alıb.
Toplantı çərçivəsində SRG-nin fəaliyyət sahəsi üzrə Ekspertlər qrupunun təsis edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Ekspertlər qrupunun yaradılmasının SRG-nin iş keyfiyyətinin yüksəldilməsinə və müvafiq mövzularda məlumatlılığın artırılmasına yönəldiyi qeyd edilib. Müzakirələrin sonunda Ekspertlər qrupunun yaradılmasına qərar verilib. ATƏT PA-nın keçmiş prezidenti George Sereteli və keçmiş komitə sədri Filippo Lombardi SRG-nin ekspertləri seçiliblər.
İclasın davamında ATƏT ölkələri arasında əməkdaşlıq və etimadın inkişaf etdirilməsində nəqliyyat və əlaqələndirmənin əhəmiyyəti qeyd olunub. Bununla bağlı olaraq, ATƏT regionunda SRG-nin faktaraşdırıcı missiyanın həyata keçirilməsi və missiyanın hesabatının hazırlanması təklifi irəli sürülüb. Təklif qrup üzvləri arasında müsbət qarşılanaq missiyanın təşkil edilməsinə razılıq verilib.
Monqolustanın keçmiş xarici işlər naziri və nümayəndə heyətinin rəhbəri Damdin Tsogabatar missiyanın rəhbəri seçilib.
İclasda iştirak edən ATƏT PA-nın Baş katibi Roberto Mantella “İpək yolu”na dəstək qrupunun nəqliyyat və əlaqələndirmə kimi əhəmiyyətli məsələlərin müzakirə edilməsi üçün uğurlu platforma olduğunu diqqətə çatdırıb. Baş katib Qrupun üzv dövlətlər arasında qarşılıqlı və faydalı əməkdaşlıq üçün zəmin yaratdığını bildirib.
İclasda Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Əminə Ağazadə, Ülviyyə Ağayeva və Tural Gəncəliyev, eləcə də Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov iştirak ediblər.
Xatırladaq ki, “İpək yolu”na dəstək qrupuna İsveçrə, Fransa, Rumıniya, Ukrayna, İspaniya, Yunanıstan, Türkiyə, Qazaxıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Macarıstan, Gürcüstan, Tacikistan, Polşa, Monqolustan, Xorvatiya, Albaniya, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Avstriya, Moldova, Belarus, Şimali Makedoniya və Azərbaycanın nümayəndə heyətləri daxildir.

Siyasət 2022-07-03 12:43:00