×
A
A
A
Sazlamalar

Tbilisi Dövlət Konservatoriyasında “Nizaminin xatirəsinə” simfoniyası səsləndirilib VİDEO

Tbilisi, 2 iyul, AZƏRTAC
İyulun 2-də Gürcüstanın Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqi gecəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyası ifa olunub.
Konsertdə, həmçinin Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin müşayiəti ilə yunanıstanlı fleytaçalan Statis Karapanos çıxış edib.
Musiqi gecəsində Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin direktoru Mixeil Mdinardzenin “145/Xristos” əsərinin premyerası olub. Otar Qordelinin fleyta üçün konsertinosu səslənib.
Bundan başqa, konsertdə Ukraynanın və Gürcüstanın müğənnisi Sofi Villinin də ifası dinlənilib.
Qeyd edək ki, 1947-ci ildə yazılan “Nizaminin xatirəsinə” simfoniyası dahi şair Nizami Gəncəviyə həsr edilib.
Konsertdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2022-07-02 23:54:00

Video