×
A
A
A
Sazlamalar

Mixeil Mdinaradze: Azərbaycanlı dirijorun Tbilisidə çıxış etməsi mədəni əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir

Tbilisi, 2 iyul, AZƏRTAC

Bu gün Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar artist Fuad İbrahimovun çıxış etməsi bizim üçün fəxrdir. Çox şadam ki, belə bir insan, musiqiçi bizim ölkədə möhtəşəm çıxış edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin direktoru, kompozitor, bir çox beynəlxalq musiqi festivallarının təşkilatçısı Mixeil Mdinaradze söyləyib.
Onun sözlərinə görə, Azərbaycan musiqiçilərinin tez-tez Tbilisidə çıxış etmələri, eləcə də gürcü incəsənət ustalarının Bakıya dəvət olunmaları mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır. Bu, eyni zamanda, digər sahələrdə də münasibətinizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir.
Kompozitor deyib: "Fuad İbrahimov kimi dirijorun Tbilisidə çıxış etməsi gənclərin də musiqiyə marağının artmasına təkan verəcək. Bu gün Gürcüstanda musiqiyə marağı olan azərbaycanlı və gürcü gənclər var. İnanıram ki, onlar F.İbrahimov və digər nüfuzlu musiqiçilərdən çox şey öyrənəcəklər. Bu da musiqimizin, mədəniyyətimizin inkişafında mühüm rol oynayacaq".
“Bu konsertdə dahi bəstəkar F.Əmirovun böyük şair və mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi simfonik musiqi də səslənəcək. Arzu edirəm ki, bu cür konsert tədbirləri, musiqili gecələr tez-tez təşkil olunsun. Azərbaycan musiqisini dinləmək hər zaman xoşdur”,- deyə M.Mdinaradze vurğulayıb.


Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi 

Mədəniyyət 2022-07-02 20:29:00