×
A
A
A
Sazlamalar

Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər

Bakı, 2 iyul, AZƏRTAC

Türkiyənin Kayseri vilayətinin Dəvəli bölgəsində iyunun 30-dan iyulun 2-dək keçirilən III Beynəlxalq Dəvəli - Aşıq Seyrani və Türk Mədəniyyəti Konqresində AMEA Folklor İnstitutunun alimləri də iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müxtəlif ölkələrdən 100-dən çox elm xadiminin iştirak etdiyi konfransda Dəvəli, Aşıq Seyrani və türk mədəniyyəti mövzularında elmi məruzələr dinlənilib.
Konfransda azərbaycanlı alimlər – professor Seyfəddin Rzasoy “XIX əsr aşıq şeirində “aşıq” xarakterinin semantik xüsusiyyətləri: Aşıq Seyrani və Aşıq Ələsgər”, Əli Şamil “Orta Asiya türklüyü”, dosent Qalib Sayılov “Aşıq şeirində ticarət anlayışları”, dosent İlhamə Qəsəbova “Türk etnik mədəni ənənəsində arxaik yas ənənələri”, dosent Ləman Süleymanova “Xına mərasimlərinin keçmişi və bu günü”, dosent Aynur İbrahimova “Bəxtiyar Vahabzadənin yaradıcılığında milli yaddaşdan gələn enerji: “Özümüzü kəsən qılınc” əsasında” və Məhsəti Süleymanova "Uşaqların təhsilində və inkişafında oyunların rolu" mövzularında məruzə ilə çıxış ediblər.

Elm və təhsil 2022-07-02 18:40:00