×
A
A
A
Sazlamalar

Azərbaycan polisi asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Yevlax, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlaxda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunub.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, 104 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. Bu əlamətdar günün qeyd olunmasının əsası ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev çıxışında daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını bildirib.
Tədbirdə digər çıxış edənlər polis əməkdaşlarını təbrik edərək şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda 2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə xidmətdə fərqlənən bir qrup polis işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

 

Regionlar 2022-07-02 18:12:00