×
A
A
A
Sazlamalar

Giləmeyvələr uzun və sağlam ömür mənbəyidir

Bakı, 2 iyul, AZƏRTAC

Giləmeyvələr yaşla bağlı bir sıra ciddi xəstəliklərə tutulma riskini azaldır, qanın tərkibində xolesterinin səviyyəsini azaltmağa kömək edir, ömrü uzadır. Müəyyən miqdarda giləmeyvələr və meyvələr sağlam qidalanma baxımından gündəlik qida rasionunun tərkib hissəsi olmalıdır.
Mütəxəssislərin fikrincə, giləmeyvələr beynin fəaliyyətini yaxşılaşdırır, qanda xolesterini və şəkərin səviyyəsini aşağı salır, hətta xərçəng xəstəliyindən qoruyur.
AZƏRTAC “Nutrients” jurnalına istinadla giləmeyvələrin faydası barədə söhbət açır.
Bağ çiyələyi orqanizmi insanın ömrünü qısalda bilən arterial təzyiqin və xolesterinin yüksək səviyyəsi, xərçəng xəstəliyinin inkişafına meyillilik kimi vəziyyətlərdən qoruyur.
Heyvanlar üzərində aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, bağ çiyələyinin tərkibində olan qidalı maddələrin və polifenonların geniş spektri xərçəng hüceyrələrinin böyüməsini dayandırır. Onun tərkibindəki antioksidantlar ürək xəstəliklərinin əsas səbəbləri olan qıcqırma stresindən və iltihabdan qoruyur.
Qida rasionunda bağ çiyələyi və qaragilə olan qadınların ürək xəstəliyinə tutulması hallarına bu giləmeyvələrdən imtina edənlərlə müqayisədə 34 faiz az rast gəlinir.
Bağ çiyələyi kimi, qaragilənin də tərkibində olan antioksidantlar DNT-lərin zədələnməsinə qarşı mübarizə aparmağa kömək edən və beyin hüceyrələrinin yaşla əlaqədar zədələnməsini ləngidən spesifik flavonoid mollekullardır. Qaragilə həm də xolesterinin səviyyəsini təbii şəkildə azaltmaq qabiliyyətinə malikdir. Bu, onun tərkibində çoxlu miqdarda həll olunan sellüloz olması ilə bağlıdır. Həll olunan sellüloz bağırsaqda öd ilə reaksiyaya girərək xolesterinin azalmasına və ödün ifrazına kömək edir.
Moruq da sellülozun əla mənbəyidir. O, metabolizmi sürətləndirməyə kömək edir. Moruq qarının üzərində yığılan visteral piyi yandırmaq üçün səmərəli vasitədir. Siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, moruğun tərkibində olan keton maddəsi metabolizmi sürətləndirir, qarın nahiyəsində daxili piyin parçalanmasını sürətləndirir.
Tədqiqatçıların fikrincə, giləmeyvələr qocalmaqda olan beyin üçün də faydalıdır. Onlar demensiya riskini, daha konkret desək, Altsheymer xəstəliyinə tutulmaq riskini azaldır. Toplanmış elmi məlumatlar göstərir ki, qida rasionuna qaragilə, böyürtkən və digər giləmeyvələrin daxil edilməsi yaşla əlaqədar yaddaş itkisinin qarşısını almağa kömək edə bilər.

Sağlamlıq klubu 2022-07-02 16:28:00