×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, Şimal Regional Mərkəzi tərəfindən “Quba Konserv-2” ASC-də, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonunun Altıağac qəsəbəsindəki meşə massivi və istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

Cəmiyyət 2022-07-02 15:32:00