×
A
A
A
Sazlamalar

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı Azərbaycanın təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü

Bakı, 2 iyul, AZƏRTAC

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 61 il öncə formalaşmış və hazırda dünyada BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan 11 il öncə tamhüquqlu üzv kimi qəbul olunub. Beş il sonra isə hərəkata üzv ölkələrin yekdil qərarı ilə Venesuelada keçirilmiş Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana həvalə edilib. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Həmçinin 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin sonuna kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Prezident İlham Əliyevin iştirakı ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsi Azərbaycan tərəfinin təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
O bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib təşəbbüs Hərəkatın Gənclər Şəbəkəsidir. Bütün bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Heç şübhəsiz ki, atılan bu addımlar Qoşulmama Hərəkatının inkişafına, daha da güclənməsinə xidmət edir.
Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın Hərəkata sədrliyi beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
“Hər zaman obyektiv mövqe nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək”, – deyən R.Vəlibəyov diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi kimi isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar.
Ramil Vəlibəyov vurğulayıb ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Bu gün dünyada qlobal qütbləşmənin, müharibə və münaqişələrin, proqnozlaşdırıla bilinməyən vəziyyətlərin, ərzaq, enerji və humanitar böhranların baş verməsi isə haqqında danışılan platformanın vacibliyini ciddi şəkildə aktuallaşdırır.

Siyasət 2022-07-02 10:57:00