×
A
A
A
Sazlamalar

Anar Məmmədov: Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi önəm daşıyır

Bakı, 1 iyul, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin əvvəllərindən başlanmış genişmiqyaslı bərpa işləri uğurla davam etdirilir. Dövlətimizin başçısı demək olar ki, bütün azad olunmuş ərazilərimizə gedərək, aparılan bərpa işləri ilə yerində tanış olur.
İşğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə edir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Bu baxımdan Prezident İlham Əliyevin bir güllə atmadan bu rayonları düşmən işğalından azad etməsi möhtəşəm Zəfərin nişanəsidir. Məhz, bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri tarixi hadisə hesab edilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında diqqətçəkən bir neçə vacib məqamı xüsusilə qeyd etmək lazımdır. "İlk növbədə, vurğulamalıyıq ki, həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının inkişafı dövlətimizin başçısının diqqət mərkəzindədir. Səfər bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Artıq qısa zaman ərzində bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından xəbər verir. Dövlətimizin başçısının ötən Kəlbəcər səfərindən sonra növbəti dəfə burada yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışının olması, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilməsi ölkədə aparılan köklü işlərin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyev bu səfəri zamanı Laçın rayonunda "Qorçu" elektrik yarımstansiyasında görülən işlərlə, "Həkəriçay" su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. O cümlədən dövlət başçısı Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və "İstisu" mineral su zavodunun təməlini qoydu. Bütün bunlar Laçın və Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işlərinin məhdud sfera ilə yekunlaşmayaraq kompleks məzmun daşıdığını göstərir. Çünki, həm Kəlbəcər, həm Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək", - deyə A.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi önəm daşıyır. Azad edilmiş torpaqların investisiya baxımından inkişafı üçün məhz tunellərin salınmasını Şərqi Zəngəzurun inkişafı üçün strateji bir layihə kimi dəyərləndirmək olar. Çətin keçilən relyefə malik ərazilərimizdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman, böyük məbləğdə maliyyə vəsaiti gərəkdirsə də, Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə bu ali missiyanın öhdəsindən ləyaqətlə gəlir.

Siyasət 2022-07-01 21:18:00