×
A
A
A
Sazlamalar

Vergi orqanlarında daxili müsabiqə keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə müsabiqə keçirilib. İki mərhələdən ibarət olan müsabiqədə iştirak etmək üçün Dövlət Vergi Xidmətində çalışan 94 nəfər müraciət edib, onlardan 85-i müsabiqəyə qatılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, müsabiqədə iştirakçılara idarəetmə bacarıqlarının, eləcə də vergilər və vergitutmaya dair biliklərin qiymətləndirilməsi üzrə suallar təqdim olunub.
Birinci mərhələnin yekunu olaraq, müsabiqədə iştirak hüququ qazanmış 85 namizəddən 9-u növbəti mərhələyə buraxılıb. İkinci mərhələdə Dövlət Vergi Xidmətinin rəhbər şəxslərindən ibarət komissiya tərəfindən 9 namizədlə fərdi qaydada müsahibə aparılıb. Namizədlər “Dövlət vergi orqanlarının əsas fəaliyyət istiqamətləri: problemlər, onları doğuran səbəblər və həlli yolları” mövzusunda təqdimatla çıxış ediblər.
Müsabiqədə uğur qazanan əməkdaşların dövlət vergi orqanlarında yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasına daxil edilməsi, müsabiqənin yekun mərhələsində iştirak etsə də, adları ehtiyat kadrlar bazasına düşməyən şəxslərin isə müvafiq idarəetmə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi planlaşdırılır.

Maliyyə 2022-07-01 20:34:00