×
A
A
A
Sazlamalar

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verildi

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-dən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verildi.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsi Beynəlxalq Kompüter İşlətmə Lisenziyası (ICDL) əsasında “Workforce” istiqaməti üzrə imtahanının təşkili ilə başlayıb. İmtahanda iştirakçıların rəqəmsal biliklərinin səviyyəsi dəyərləndirilib və eləcə də beynəlxalq dərəcəli sertifikat almaq üçün şərait yaradılıb.
Daha sonra, iştirakçılar “Yüksəliş” müsabiqəsinin natiqlik proqramı çərçivəsində fərdi inkişaf və əsaslandırma qabiliyyətinin artırılmasına yönələn debatlarda iştirak ediblər. Debat sessiyasında yarımfinalçılar komandalara bölünərək mövqelərinə uyğun olaraq debatlarda iştirak ediblər. Sonda namizədlər hakimlər tərəfindən 13 bənd üzrə qiymətləndirilərək, müvafiq bal əldə ediblər.
Qeyd edək ki, ICDL imtahanı və debat sessiyası müvafiq olaraq Dövlət İmtahan Mərkəzi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birlikdə iştirakçıların fərdi inkişafına dəstək məqsədilə təşkil olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Əyani mərhələni uğurla başa vurmuş 332 iştirakçı yarımfinalda iştirak hüququ qazanıb. Yarımfinal mərhələsi iyulun 3-dək davam edəcək.
Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına başlanılan “Yüksəliş” müsabiqəsinə 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Elm və təhsil 2022-07-01 19:09:00