×
A
A
A
Sazlamalar

“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı Türkiyənin ekspertləri tərəfindən konsultasiyalar keçiriləcək

Bakı, 1 iyul, AZƏRTAC

Övladlığagötürmə sahəsində olduğu kimi, “Himayədar ailə” qayğı modelinin tətbiqi sahəsində də idarəetmə və xidmətlər e-infrastruktur üzərindən həyata keçiriləcək.
Bunu həmin modelin tətbiqinə hazırlıq işlərinə dair keçirilən iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
Nazir müavini bununla əlaqədar “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində yeni funksional imkanların yaradılması işlərinin aparıldığını qeyd edib. O, həmçinin “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılması işlərinin də davam etdirildiyini deyib.
Əmək və Əhalinin Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda həmin yeni modelin ölkəmizdə tətbiqi ilə bağlı aparılan hazırlıq işləri və qarşıda duran vəzifələr, təkliflər müzakirə olunub.
Eyni zamanda, müvafiq sahələrdə çalışan əməkdaşlar üçün növbəti aylardan Türkiyənin ekspertləri tərəfindən reinteqrasiya, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyalarının keçiriləcəyi qeyd edilib.

Sosial 2022-07-01 18:57:00