×
A
A
A
Sazlamalar

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

Bakı, 1 iyul, AZƏRTAC

Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə 30 illik düşmən işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyimiz və “Böyük Qayıdış”a start verdiyimiz ölkəmizin inkişafının bu yeni mərhələsində dövlətimiz qarşıya yeni hədəflər qoyub. Əlbəttə, hazırda bizim ən birinci məqsədimiz tez bir zamanda Cənubi Qafqazda sülhə və əməkdaşlığa nail olmaqla Qarabağın yenidən bərpasını, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlamaqdır. İnsan amili, xalqın rifahı və milli maraqlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin həmişə strateji prioritetləri olub. Dövlətimizin başçısı hər zaman vurğulayır ki, bu bizim siyasətimizin mahiyyətini, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Bu fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Müasir şəhərsalmanın Azərbaycan nümunəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
İki prioritet istiqaməti əsas götürdüyümüz zaman aydın olur ki, öz torpaqlarına geri qayıdacaq insanların orada rahat və rifah halında yaşaya bilməsi üçün onların təhlükəsizliyi, mənzil təminatı, məşğulluğu, ərzaq tələbatlarının ödənilməsi əvvəlcədən həll edilməsi lazım olan vacib məsələlərdir. Bu baxımdan Prezident İlham Əliyevin Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir. Çünki Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb etməyə başlayıb.
Əlbəttə, bizim şəhərsalma, şəhərlərin yenidən qurulması, bərpası işlərində olduqca böyük təcrübəmiz və nailiyyətlərimiz var. Bu gün şəhər əhalisi Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir. Bizim paytaxtımız dünyanın ən gözəl şəhərlərindən biri hesab olunur. Bakıya gələn hər bir xarici qonaq da bunu etiraf edərək şəhərin gözəlliyini dilə gətirir. Bakının gözəlliyinin sirri həm də ondadır ki, biz Bakını müasirləşdirməklə yanaşı, onun tarixi simasını qoruyub saxlamağa nail olmuşuq. Eyni zamanda, regionlarda da şəhər və rayonlarımız günü-gündən inkişaf edir.
İşğaldan azad olunmuş ərazilərimizdə şəhərlərin yenidən qurulması, bərpası işlərində isə biz, əlbəttə, digər regionlarımızla müqayisədə daha böyük miqyaslı, planlı fəaliyyət həyata keçirməliyik və daha böyük çətinliklərin öhdəsindən gəlməliyik. Çünki 30 illik işğal dövründə erməni vandalları şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi yerlə-yeksan etmiş, tarixi-dini, mədəni abidələrimizi məhv etmişlər. İşğaldan azad olunmuş torpaqlarımızdan danışarkən Prezident İlham Əliyev də hər zaman, ilk növbədə, diqqəti erməni vandalizminə çəkib. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır ki, bu bizim qarşımızda duran ən böyük çətinliklərdən biridir. Erməni işğalçıları tərəfindən basdırılan minaların çoxluğu və minalanmış ərazilərin dəqiq xəritəsinin olmaması bərpa işlərini daha da çətinləşdirir.
Lakin bütün bu çətinliklərə baxmayaraq biz işğaldan azad edilmiş ərazilərimizdə şəhər planlaşdırılmasını ən müasir, ekoloji cəhətdən ən təmiz, sağlam, texnoloji baxımdan ən inkişaf etmiş üsullarla həyata keçiririk, “yaşıl enerji”, “sıfır tullantı”, “ağıllı şəhər”, “ağıllı kənd” kimi ən yeni konsepsiyaları tətbiq edirik. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə olan Zəngilan rayonunun Ağalı kəndi bu gün dünyanın ən müasir kəndlərindəndir. Əlbəttə, tarixiliyi qoruyub saxlamaq yenə də bizim ilk üstünlük verdiyimiz tələbdir. Bütün şəhərlərin baş planları şəhərlərin tarixi-memarlıq irsinin və çoxəsrlik tarixinin qorunub saxlanılması nəzərə alınmaqla tərtib edilir. Şuşa qalasının divarları və bəzi tarixi abidələr artıq bərpa edilib, digər tarixi, dini-mədəni abidlərin bərpa işləri də fəal şəkildə davam edir.
İşğaldan azad olunmuş ərazilərin yenidənqurma işlərində ölkəmizə göstərilən beynəlxalq həmrəylik də olduqca əhəmiyyətlidir. Beynəlxalq həmrəylik şəhərlərimizin yenidənqurma işlərində bizə dəstək olmaqla yanaşı, həm də Vətən müharibəsi başa çatdıqdan sonra yeni yaranmış reallıqların beynəlxalq aləmdə tanınması baxımından olduqca vacibdir. İşğaldan azad olunan üç rayonumuzda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə artıq bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib, BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun Azərbaycana səfəri bizim BMT ilə əməkdaşlığımızda yeni səhifə açıb. Ən müasir standartlara cavab verən hava limanlarının, sənaye parklarının, “ağıllı kənd” layihələrinin icrasında da biz qardaş Türkiyə ilə birlikdə çalışırıq. Bu həmrəyliyi daha da möhkəmləndirmək üçün dövlətimizin başçısı çıxışında onu da qeyd etdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır. Əminəm ki, biz növbəti illərdə Azərbaycanda Ümumdünya Şəhər Forumunun uğurla keçirilməsinə şahid olacağıq.
Müharibə başa çatdıqdan sonra Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib, hər səfər zamanı avtomobil yolları, tunellər, hava limanları, su anbarları, elektrik stansiyaları, zavodlar, istirahət mərkəzləri kimi yeni-yeni infrastruktur obyektlərinin təməli qoyulur və artıq onlarla yeni obyektin açılışı da baş tutub. Prezident İlham Əliyevin bu ardıcıl, əzmkar, məqsədyönlü əməyi nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyat tezliklə canlanacaq və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Müharibənin bitməsindən sonra biz tez-tez Cənubi Qafqazda sülh və əməkdaşlığın, eyni zamanda, dövlətlərin ərazi bötövlüyünə hörmət edilməsinin zəruriliyini ifadə edən çağırışları dünyaya çatdırırıq. Ərazilərin bərpası, insanların məskunlaşması, həyat səviyyəsinin normallaşması bizim bu çağırışlarımızın təsirini daha da artırır və Cənubi Qafqazda sülh, stabillik, əməkdaşlıq imkanlarının real olduğunu bütün dünyaya göstərir.

Siyasət 2022-07-01 18:56:00