×
A
A
A
Sazlamalar

Yevlaxda “Milli ruh, ləyaqət, Vətənə sevgi” adlı tədbir keçirilib VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonları ərazisində yeni yolların, tunellərin, elektrik stansiyalarının, Beynəlxalq hava limanının, körpülərin tikintisi, Zəfər və İşğal muzeylərinin, Mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri, ümumiyyətlə, geniş vüsət alan tikinti-quruculuq işləri Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin yaratdığı Qələbə əhval-ruhiyyəsi ilə yaşayan xalqımızı daha firavan, xoşbəxt gələcəyə inamla baxmağa sövq edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çətin coğrafi relyefə malik həmin rayonlara səfəri çərçivəsində Müdafiə Nazirliyinin yeni inşa edilən hərbi şəhərciyinin açılışı, Əməliyyat (komando) hərbi hissəsinə Döyüş Bayrağının verilməsi münasibətilə keçirilən təntənəli mərasim və bu mərasimdə Müzəffər Ali Baş Komandanın tarixi çıxışı həm xalqımızın, həm də Azərbaycan Ordusunun şəxsi heyətinin milli ruhunu, vətənpərvərlik hissini daha da artırıb. İndi respublikamızın bütün bölgələrində, o cümlədən ordumuzun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində dövlətimizin başçısının Azərbaycan komandosu qarşısında söylədiyi nitq dərindən öyrənilir, təbliğ olunur və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər görülür.
Vətən müharibəsi günlərində olduğu kimi, bu gün də ölkə başçısının rəhbərliyi altında ordu ilə xalqın birliyi daha da möhkəmlənir və bu birlik sayəsində ordu quruculuğunda yeni-yeni uğur və nailiyyətlərin şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Müdafiə Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Mədəniyyət Mərkəzində keçirilən “Milli ruh, ləyaqət, Vətənə sevgi” adlı vətənpərvərlik tədbirində səsləndirilib.
Müdafiə Nazirliyi və rayon rəhbərliyi rəsmilərinin, ziyalıların, hərbi qulluqçuların, şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq deyib: “Xalqımız və onun mübariz hissəsi olan Azərbaycan Ordusunun şəxsi heyəti ikinci ildir ki, 26 İyun – Silahlı Qüvvələr Gününü Vətən müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Bayram günündə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin Əməliyyat (komando) hərbi hissəsinə Döyüş Bayrağının verilməsi mərasimində iştirakı və tarixi çıxışı bir daha göstərdi ki, İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.
Polkovnik A.Qurbani aparıcısı olduğu təntənəli mərasimdə Müzəffər Ali Baş Komandanın dediyi “Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib, bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi” fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Qeyd olunub ki, bundan sonra da gənc nəslin vətənpərvərlik tərbiyəsi işində qarşımızda mühüm vəzifələr durur. Bu sahədə Vətən müharibəsi cəbhələrində döyüşçülərimizin göstərdikləri igidlik nümunələrinin, ölməz şəhidlərimizin əfsanəvi qəhrəmanlıqlarının təbliği, qazilərimizin və şəhid ailə üzvlərinin, ictimaiyyətin bu istiqamətdə fəallığı ümumi işimizə öz töhfəsini verəcək. Gənclərimiz bundan sonra da milli-mənəvi dəyərlər, yüksək əxlaqi, iradi keyfiyyətlər əsasında tərbiyə ediləcək, ordu ilə xalqın birliyi, gənclərin orduya hazırlanması, gənclərin peşə seçimində hərbi ixtisaslara daha çox meyil göstərməsi təmin olunacaq.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova rayon sakinlərinin də Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfərini diqqətlə izlədiklərini və bu səfər çərçivəsində həyata keçirilən tədbirlərin onlarda da böyük ruh yüksəkliyi yaratdığını qeyd edib.
“Müdafiə Nazirliyi ilə birgə təşkil etdiyimiz bugünkü tədbir məhz bu səfərin yekunlarına, gənclərin milli ruhda tərbiyə edilməsinin aktual istiqamətlərinə həsr edilib. Əminəm ki, bu işdə müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri, eləcə də rayon ərazisindəki hərbi hissələrin əsgər və zabitləri böyük fəallıq göstərəcəklər”, - E.Əzizova deyib.
Yevlax rayonundan ilk şəhid Emin Kazımovun atası Fərman Kazımov, şəhid anası Sədaqət Budaqova, şəhid atası Mehdi Adıgözəlov, icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbəsinin müdiri Xaliq Əliyev, Əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova və başqaları çıxış edərək Vətənə, xalqa, dövlətə sədaqətli, ordumuza layiq oğulların yetişdirilməsi sahəsində səylərini əsirgəməyəcəklərini bildiriblər.
Şəhid valideynləri müddətli həqiqi hərbi xidmətə yollanacaq yevlaxlı gənclərə xeyir-dua verib, yolları, xidmətləri uğurlu olsun deyə onların arxasınca su atıb, şəhid övladlarının yarımçıq ömürlərini də öz ömürlərinə qataraq onların əvəzindən də Vətənə ləyaqətlə xidmət edəcəklərini arzulayıblar.
Çağırışçı gənclər söz veriblər ki, onlar “Hərbi And”a sadiq qalaraq, qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək və doğmalarının ümidlərini doğruldacaqlar.
Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayevin şeir kompozisiyası alqışlarla qarşılanıb.
Şəhid mayor Toğrul Bərxudarovun anadan olmasının 35-ci ildönümündə ailəsinə Şuşa şəhərinə sancılan bayraqlardan biri xatirə olaraq təqdim edilib.
Şəhid ailələri Müdafiə Nazirliyinin nəşri olan Abdulla Qurbaninin “Vətən müharibəsi Şəhidləri” və “Böyük gələcəyə baxış” kitablarını minnətdarlıq hissi ilə qəbul ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifa etdiyi vətənpərvərlik nəğmələri, hərbi marşlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından təşkilatçılara təşəkkür edilib və bütün iştirakçılar “Dəmir yumruq”! yerindədir deyərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə hazır olduqlarını bildiriblər.

Cəmiyyət 2022-07-01 18:48:00

Video