×
A
A
A
Sazlamalar

AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzi Baytarlıq Laboratoriyası növbəti dəfə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Beynəlxalq Atom Enerjisi Agentliyinin Heyvandarlıq Məhsullarının İstehsalı və Heyvan Sağlamlığı Laboratoriyası tərəfindən təşkil edilən səriştəlilik test proqramında uğur qazanıb.
Laboratoriya dünyanın əksər nüfuzlu ölkələrinin də təmsil olunduğu "Xırdabuynuzlu heyvanların taun xəstəliyinin seroloji üsullarla diaqnostikası" adlı laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin ELISA müayinə metodu ilə təyini”, həmçinin "Xırdabuynuzlu heyvanların taun xəstəliyinin molekulyar üsullarla diaqnostikası" adlı laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin PZR müayinə metodu ilə təyini” üzrə yüzfaizlik yüksək nəticəyə nail olub.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək müxtəlif beynəlxalq qurumlar və xarici ölkələr tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.

Sosial 2022-07-01 18:18:00