×
A
A
A
Sazlamalar

Konfrans dəniz səviyyəsinin qalxıb-enməsi ilə bağlı problemlərin həllində fəaliyyətin nümayiş etdirilməsi üçün əlverişli platformaya çevriləcək

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq. Bununla əlaqədar, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev həmin tədbirin media tərəfdaşı olan AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
-Siz Xəzər dənizinin hansı problemlərini qeyd etmək istərdiniz?
-Xəzər dənizi dünyada ən iri daxili göldür. Axarı olmayan Xəzər dənizi orta enlikdə 320 kilometr olmaqla təqribən 1200 kilometr şimaldan cənuba uzanır. Şimalda Volqa və Ural çaylarının hövzəsini, şərqdə yarıquraqlıq və quraqlıq düzənlikləri, eləcə də cənub-qərbdə Qafqazın qarlı dağlarını əhatə edən ərazilərin iqlim müxtəlifliyi bununla müəyyən olunur.
İqlim dəyişikliyi son 30 il ərzində Xəzər dənizi hövzəsində kəskin olub. Xəzər dənizinin sahil boyunca yaşayan əhali tez-tez ciddi iqlim dəyişmələri, o cümlədən dəniz səviyyəsinin qalxıb-enməsi, daşqınlar və sərt quraqlıqlar kimi təhlükələrə məruz qalır.
Son 30 il ərzində Azərbaycan Respublikasının bütün ərazisində yağıntıların miqdarı azalıb, Ümumi sirkulyasiya modelinin ssenarisi üzrə bütün hesablamalar orta aylıq temperaturun artmasını proqnozlaşdırır.
Xəzər dənizinin səviyyəsinin azalması iqlim dəyişməsi səbəbindən potensial regional təhdidə çevrilib. Dənizin səviyyəsinin azalmasının əsas səbəbi yağıntıların miqdarının azalması, temperaturun artması və buxarlanma, Volqa və digər çaylardan su axarının azalmasıdır. Çay axarının azalması həm də kənd təsərrüfatında suya tələbatın artması, su-elektrik stansiyalarında sudan istifadə və s. ilə bağlıdır.
Dəniz səviyyəsinin dəyişməsi nə qədər sürətlə baş verirsə, onun fəsadları bir o qədər ağır olur. Bu, iqtisadiyyatın müxtəlif sahələrinə - balıqçılıq, nəqliyyat, tikinti sahələrinə, eləcə də bu sahələrdə çalışan və şəhər rayonlarında yaşayan insanlara öz təsirini göstərir.
-Mövcud problemlərin həlli üçün hansı işlər görülür?
- İqlim dəyişmələrinin gözlənilən xoşagəlməz nəticələrinin öhdəsindən gəlmək üçün hər şeydən əvvəl, iqlim dəyişmələrinə uyğunlaşmaq və onların vura biləcəyi zərəri aradan qaldırmağa və ya minimuma endirməyə yönəlmiş tədbirlərin görmək lazımdır.
İqlim dəyişmələrinə uyğunlaşmağın yaxşı planlaşdırılması, qısamüddətli, ortamüddətli və uzunmüddətli müdaxilələrə əsaslanan erkən fəaliyyətin nəzərə alınması həyati əhəmiyyətli məsələdir.
İqlim dəyişmələrinə uyğunlaşma üzrə davamlı tədbirlərin işlənib hazırlanması üçün əsas səbəblərin diqqətlə təhlil edilməsi və iqlim dəyişmələrinə həssaslığın qiymətləndirilməsi zəruridir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təxirəsalınmaz tədbirlərin vacibliyini nəzərə alaraq, onların əsas istiqamətlərini müəyyən etməkdən ötrü 2021-ci il dekabrın 23-də Bakıda “Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları” mövzusunda milli konfrans keçirib.
Konfransın nəticələrinə görə və iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə təsirinin ciddiliyini nəzərə alaraq, nazirlik dəniz səviyyəsinin qalxıb-enməsi ilə bağlı problemlərin həlli üçün birgə zəruri səylərin razılaşdırılmasından ötrü 2022-ci il iyulun 5-də regional konfransın keçirilməsi barədə qərar qəbul etdi.
-Siz bu konfransdan hansı nəticələri gözləyirsiniz?
-“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans hökumətlərin, beynəlxalq və regional təşkilatların, beynəlxalq maliyyə təsisatlarının, özəl sektorun, icmaların və digər maraqlı tərəflərin iqlim dəyişmələri fəsadlarına bərabər reaksiya verilməsi tədbirlərinin işlənib hazırlanmasına hansı töhfələr verə bilməsinə həsr olunacaq.
Bu konfransın əsas məqsədi Xəzər dənizinin səviyyəsinin indi və gələcəkdə baş verəcək qalxıb-enmələrin Xəzəryanı dövlətlərin müvafiq qurumları və ekspertləri ilə, eləcə də beynəlxalq təşkilatlar və məsləhətçilərlə müzakirə edilməsi, razılaşdırılmış iqlim və səviyyə ssenariləri üzrə əlaqələndirilmiş uyğunlaşma tədbirlərinin işlənib hazırlanması və bu sahələrdə əməkdaşlığın genişlənməsidir.
Konfrans bu məqsədlərə nail olmaq üzrə fəaliyyətin, o cümlədən beynəlxalq vasitələrin nümayiş etdirilməsində maraqlı tərəflər üçün əlverişli platformaya çevriləcək.
Bu konfrans tədbirin gedişatında təqdim edilən təşəbbüslər əsasında Yekun sənədi, fəaliyyət planını və digər sənədləri hazırlayacaq.

Ekologiya 2022-07-01 18:09:00