×
A
A
A
Sazlamalar

FHN-in Muğan Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Bakı, 1 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqə Muğan Regional Mərkəzinin müvafiq əməkdaşları və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçi heyəti cəlb olunub.
Müdafiə məşqindən əvvəl FHN-in Muğan Regional mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov çıxış edərək bildirib ki, məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Cəmiyyət 2022-07-01 17:16:00