×
A
A
A
Sazlamalar

Məhəmməd Əli Huməd: Cibuti Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirməkdə maraqlıdır

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cibuti parlamentinin sədrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova ölkəmizin təşkil etdiyi bu mühüm tədbirdə iştirakı üçün onun dəvətini qəbul etdiyinə görə qonağa minnətdarlığını bildirib.
Milli Məclisin sədri Cibutinin Azərbaycanın dostu olduğunu vurğulayıb və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzkar siyasətini pisləyən mövqeyinə, həmçinin Cibuti Milli Assambleyasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi ədalətli qətnaməyə görə təşəkkürünü bildirib.
Qarşılıqlı əlaqələrin dərinləşməsində parlamentlərin özünəməxsus rolundan danışan Milli Məclisin sədri hər iki ölkənin parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının uğurla fəaliyyət göstərdiyini deyib.
Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də qonağa məlumat verib.
Azərbaycana səfərə dəvətə görə minnətdarlığını bildirən Cibuti Respublikası Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətindən danışıb. O, Azərbaycanın bu qurumun dəyərli bir üzvü olduğunu deyib və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Qonaq tədbirdə Prezident İlham Əliyevin iştirakını və çıxışını yüksək qiymətləndirib.
Məhəmməd Əli Huməd diqqətə çatdırıb ki, Cibuti Respublikası Azərbaycanla bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əlaqələri genişləndirməkdə maraqlıdır. Ona görə də qarşılıqlı səfərlərin sayının artırılması təcrübə və informasiya mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Söhbət zamanı Cibuti parlamentinin sədri iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Xarici siyasət 2022-07-01 16:50:00