×
A
A
A
Sazlamalar

Baş Prokurorluğun nümayəndələri “Narkotik vasitələrin qaçaqmalçılığı–sintetik narkotik vasitələr” mövzusunda beynəlxalq tədbirdə iştirak ediblər

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 27-dən iyulun 1-dək Rumıniyanın Buxarest şəhərində Hüquq-Mühafizə Orqanlarının İşçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyi (CEPOL) tərəfindən “TOPCOP” layihəsi çərçivəsində “Narkotik vasitələrin qaçaqmalçılığı – sintetik narkotik vasitələr” mövzusunda təlim keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Baş Prokurorluğunu həmin təlimdə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru İlkin Abdullayev və Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rəfael Süleymanovdan ibarət nümayəndə heyəti təmsil ediblər.
Əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi olan təlimdə müxtəlif ölkələrin gündəmdə olan məsələlərinə dair təqdimatları və çıxışları dinlənilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Təlimdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev təqdimatla çıxış edərək ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyənləşdirildiyini vurğulayıb. Bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ardıcıl və məqsədyönlü addımların atıldığını, bunun üçün ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təsisatların yaradıldığını və milli proqramların hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.

Cəmiyyət 2022-07-01 16:16:00