×
A
A
A
Sazlamalar

"New Europe" nəşrində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında məqalə dərc edilib

Brüssel, 1 iyul, AZƏRTAC

Avropa İttifaqının nüfuzlu "New Europe" nəşrində “Qazaxıstan, Azərbaycan və Türkiyə əsas diqqəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində cəmləşdirib” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda Qazaxıstan, Azərbaycan və Türkiyə arasında regional əlaqələrin möhkəmləndirilməsi və bu ölkələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına diqqətinin artırılması barədə söhbət gedir. Qeyd edilir ki, bu marşrut üç ölkənin tranzit potensialının artırılması üçün həlledici əhəmiyyət kəsb edir.
Məqalədə həm də üç ölkənin XİN rəhbərləri arasında iyunun 27-də Bakıda keçirilmiş görüş barədə məlumat verilir. Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev, habelə Qazaxıstanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat nazirləri nəqliyyat potensialının inkişafının əsas istiqamətlərinə vahid mövqedən yanaşırlar. Onlar hökumət səviyyəsində birbaşa əlaqələrin intensivləşdirilməsində maraqlı olduqlarını təsdiq ediblər. Tərəflər bu formatda növbəti görüşün cari ilin payızında Qazaxıstanda keçirilməsi barədə razılığa gəliblər.
Qazaxıstan, Azərbaycan və Türkiyə nazirləri nəqliyyat-logistika sektorunda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinin geniş dairəsinə aid sənədləri mübadilə ediblər. Genişmiqyaslı geosiyasi transformasiya şəraitində ticari-iqtisadi, tranzit, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinə birgə yanaşmalar nəzərdən keçirilib.
Tileuberdi "New Europe" nəşrinə bildirib ki, Azərbaycan və Türkiyə regionda Qazaxıstanın əsas siyasi və iqtisadi tərəfdaşlarıdır. Siyasətçinin bu sözləri sitat gətirilir: “Koronavirus pandemiyası dövründə qarşılıqlı ticarətdə iqtisadi fəallığın ləngiməsinə baxmayaraq hazırda qarşılıqlı faydalı əməkdaşlığın əvvəlki səviyyəsini bərpa etmək və yeni göstəricilərə nail olmaq üçün ciddi potensial var”.
Görüş iştirakçıları regiondakı dəmir yolu xətləri və neft kəmərləri kimi birgə layihələrin vəziyyətini və onların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Avropa istiqamətində imkanların məhdud olduğu şəraitdə Xəzər dənizi – Qara dəniz xətti üzrə marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Nazirlər razılaşıblar ki, daşımaların həcminin artırılması limanlarda texniki və tarif şərtlərinin vaxtında modernləşdirilməsini tələb edir. Bu, bütövlükdə ticari-iqtisadi əməkdaşlığın drayveri olacaq.
Türkiyənin xarici işlər naziri Çavuşoğlu bəyan edib ki, nəqliyyat sektorunun inkişafı regionun firavanlaşmasına gətirib çıxarmalıdır. Nəşrdə nazirin bu sözləri sitat gətirilir: “Ölkələr Zəngəzur dəhlizinin tezliklı açılmasını gözləyir. Biz regionda sülhə və firavanlaşmaya sadiq olduğumuzu burada, Azərbaycanda bir daha nümayiş etdiririk”.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

İqtisadiyyat 2022-07-01 14:58:00