×
A
A
A
Sazlamalar

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çox zəngin və əhəmiyyətli oldu

Bakı, 1 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri “Böyük Qayıdış”ın əhatə dairəsini genişləndirir və sürətləndirir. Dövlətimizin başçısı bu ərazilərə səfərləri çərçivəsində verilmiş tapşırıqların icrasını yoxlayır, yeni layihələrə baxış keçirir. Həmçinin hazır layihələrin açılışlarını edir və lazımi mesajlar verir. İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyası gündən-günə genişlənməkdədir. Azad olunmuş bütün ərazilərdə bu gün bərpa-quruculuq işlərinə başlanılıb. Açılışları olmuş infrastruktur layihələri yenilərinin başlanılmasını sürətləndirir və icrasını asanlaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çox zəngin və əhəmiyyətli oldu. Bu səfərin Silahlı Qüvvələr Gününə təsadüf etməsinin də böyük siyasi əhəmiyyəti var. Yəni, bu o deməkdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman öz əsgərinin yanındadır.
“Ordumuz gündən-günə güclənir. Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində döyüş əməliyyatları bir daha təftiş olunur, üzə çıxmış zəif yerlər yenidən nəzərdən keçirilir və düzəlişlər edilir. O cümlədən, qələbənin qazanılmasında xüsusi şücaət göstərmiş xüsusi təyinatlı birliklərin təcrübəsi genişləndirilir. Belə ki, yeni komando ordu növlərinin yaradılması prosesi də genişləndirilir. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə komando hərbi hissələrinin açılışlarında iştirak edir, döyüş bayrağını təqdim edərək öz tapşırıqlarını verir. Komando qoşun növünün genişlənməsi Ordumuzun gücünün dəfələrlə artdığını göstərir. Çünki komandolar qarşısına qoyduğu hər bir döyüş tapşırığını yüksək səviyyədə icra etmək iqtidarında olan qoşun növüdür.
Biz, həmçinin Ermənistanla dövlət sərhədimizi möhkəmləndiririk. Paralel olaraq, infrastruktur formalaşdırılır. Belə ki, həmin ərazilərdə hərbçilərin hərəkətini təmin etmək üçün 700 kilometrdən çox yol çəkilib. Dövlətimizin başçısı komando hərbi hissəsinin açılışında çıxış edərkən Ermənistana da çox ciddi mesajlar ünvanladı. Yəni, ölkələrimiz arası münasibətlərin tənzimlənməsinin və Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur, İrəvanda baş qaldıran revanşistlərin başını yenidən əzməyə Azərbaycan hər zaman hazırdır. Düzdür, müharibə istəmirik, istəyirik ki, gündəlikdə olan məsələlər danışıqlar yolu ilə həll olunsun. Əks halda isə, tarixi torpaqlarımızı da özümüzə qaytarmağımıza məcbur olacağıq”, - deyə deputat qeyd edib.
A.Badamov bildirib ki, dövlətimizin başçısı səfər çərçivəsində İstisu sanatoriyasının təməlqoyma mərasimində iştirak etdi. Kəlbəcər rayonu böyük turizm potensialına malikdir. Bu ərazilərin füsunkar təbiəti, təmiz havası, qaynayan bulaqları turizmin müxtəlif sahələrin fəaliyyəti üçün imkanlar açır. O cümlədən İstisuyun müalicəvi əhəmiyyəti sağlamlıq turizminin inkişafına, həm də İstisu mineral suyunun istehsalı prosesinin təşkil olunaraq satışının həyata keçirilməsi bu rayonun iqtisadiyyatının yenidən dirçəlməsinə imkan verəcək.
Kəlbəcər rayonunun baş planının təbiətə inteqrasiya olunmuş şəkildə nəzərdə tutulması bu şəhərə unikal görkəm verəcək. İşğal və zəfər muzeylərinin inşası həm rayonun tarixini yaşadacaq, həm də rayona səfər etmiş hər bir qonaq üçün məlumat mənbəyi olacaq. Bu ərazilərin yol infrastrukturunun yenidən qurulması, dağların altından tunellərin çəkilməsi, çətin relyefə malik Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi bu ərazilərin yenidən qurulması üçün yüklərin daşınmasını asanlaşdıracaq, həm də Şuşaya və digər rayonlara səfərlərin daha rahat şəkildə həyata keçirilməsinə imkan verəcək.
“İşğaldan azad olunmuş əraziləri dövlətimizin başçısı “yaşıl enerji” zonası adlandırıb. Bu ərazilərdə bərpaolunan enerjinin istehsalı üçün yeni stansiyalar quraşdırılır. O cümlədən ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə darmadağın edərək taladıqları 30-a yaxın kiçik su elektrik stansiyaları yenidən bərpa edilərək müasirləşdirilir. Bu stansiyalarda heyət iştirak etmədən uzaqdan idarəetmə elektron sistemləri quraşdırılır ki, bu da həmin stansiyalarda istehsal olunan elektrikin maya dəyərinin çox aşağı olmasına gətirib çıxarır. Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 5 su elektrik stansiyası yenidən qurulub, 4 su elektrik stansiyasının da cari ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da ölkəmizin enerji gücümüzün artmasına bir töhfəsi olacaq”, - deyə Azər Badamov qeyd edib.
Deputat diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərimizdə icra olunan bütün meqa layihələri heç bir xarici dəstək olmadan Azərbaycan dövləti ancaq öz gücü hesabına həyata keçirir. Bu, həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi siyasət kursu Azərbaycanı güclü iqtisadiyyatı olan ölkəyə çevirib.
“Onu da qeyd etmək istəyirəm ki, cari ildə işğaldan azad olunmuş ərazilərə 2,2 milyard manat vəsait ayrılmasına baxmayaraq, dövlət büdcəsinə yenidən baxmaq imkanı əldə etməyimizi və həmin ərazilərin yenidən qurulmasına 1,5 milyard manata qədər əlavə vəsaitin ayrılmasını ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğuru hesab edirəm. İşğaldan azad olunmuş ərazilərimizdə yeni yaşayış məntəqələrinin sürətlə inşa edilməsi “Böyük Qayıdış” prosesini uğurla həyata keçirməyimizə imkan verəcək”, - deyən Azər Badamov fikirlərini yekunlaşdırıb.

Siyasət 2022-07-01 13:27:00