×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir

Bakı, 1 iyul, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi, tərkibinə Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icması, eləcə də Avropa yəhudiləri və Gürcü yəhudilərinin Bakı dini icmalarının rəhbər və təmsilçiləri daxil olan Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərinə səfəri davam edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, iyunun 28-də nümayəndə heyətinin Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü və qurumun Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyasının sədri, həmçinin senator Benjamin Kardinin xarici siyasət məsələləri üzrə baş müşaviri Tomas Melia ilə görüşü baş tutub. Sədr müavini Səyavuş Heydərov Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verib, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə görüş keçirilib. Müzakirə zamanı Q.Qroniç Azərbaycanın apardığı multikulturalizm siyasətini və bu istiqamətdəki təşəbbüsləri yüksək qiymətləndirib.
Nümayəndə heyətinin daha bir görüşü Türkiyə Respublikasının ABŞ-dəki səfiri Həsən Murad Mərcanın dəvəti əsasında baş tutub. Müzakirələrdə səfir müsəlman ölkələri arasında Azərbaycanın tolerantlıq və multikulturalizm nümunəsinin xüsusilə seçildiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin ABŞ-nin Din Azadlığı Komissiyasının sədri Nuri Türkel, sədr müavini Abraham Kuper, qurumun ekspert qrupu iyunun 29-da isə Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin sədr müavini xanım Karson Relits Roker ilə görüşləri keçirilib. Görüşlərdə S.Heydərov tərəfindən Komissiya və İdarənin builki hesabatlarının Azərbaycanla bağlı hissəsində yer almış qeyri-obyektiv məqamlarla bağlı narahatlıq ifadə edilib. Görüşdə Azərbaycanın dini azadlıqlarla bağlı açıq dialoqa göstərdiyi maraq yüksək qiymətləndirilib, həmçinin davamlı və konstruktiv əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyəti, həmçinin Amerika Dəyanət Mərkəzində və İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsində olublar.

Cəmiyyət 2022-07-01 13:16:00