×
A
A
A
Sazlamalar

Deputat: Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə hər səfəri “Böyük Qayıdış”ı yaxınlaşdırır

Bakı, 1 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağa, Şərqi Zəngəzura səfərlərinin hər biri məzmunca zəngindir. Belə ki, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfəri regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası və təməlqoyma mərasimləri, tarixi-mədəni, dini abidələrin bərpası ilə müşayiət olunur. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri də yeni yolların, tunellərin, elektrik stansiyalarının, Zəfər muzeylərinin, mineral su zavodunun, “İstisu sanatoriyası”nın tikintiləri və təməlqoyma mərasimləri ilə yaddaşlara həkk olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat qeyd edib ki, mürəkkəb coğrafi relyefə malik Laçında Beynəlxalq Hava Limanının tikintisi, yeni açılmış hərbi hissədə yaradılmış şəraitlə tanışlıq regionun sürətlə dirçəlməsindən xəbər verir. Şuşa şəhərinə, eyni zamanda, Kəlbəcər rayonuna ən yaxın məsafədə inşa olunan Laçın Beynəlxalq Hava Limanı, bütövlükdə bölgənin turizm sektorunun inkişafına töhfə verəcək. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər çərçivəsində Kəlbəcərdə Türkiyə standartlarına uyğun yeni komando hərbi hissəsinin formalaşdırılması və döyüş bayrağının təqdimatı xalqımıza hədsiz qürur hissi yaşatdı.
“Bir vacib məsələni də qeyd etmək istərdim. Prezident İlham Əliyev bölgəyə səfərlərində ictimaiyyəti maraqlandıran daxili və xarici siyasətin müxtəlif aspektləri ilə bağlı bir çox sualları cavablandırır. Qlobal və regional təhlükəsizlik, Ermənistanla münasibətlər, kommunikasiyaların açılması və ümumiyyətlə, Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini bölüşür. Eyni zamanda, destruktiv qüvvələrə mesajlarını çatdırır. Bu baxımdan yeni komando hərbi hissəsinin Kəlbəcərdə yaradılması özlüyündə düşmənə verilmiş mesaj, sabitlik faktorudur”, - deyə N.Məhəməliyev bildirib.
O qeyd edib ki, ümumiyyətlə, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə hər səfəri “Böyük Qayıdış”ı yaxınlaşdırır.

Siyasət 2022-07-01 12:55:00