×
A
A
A
Sazlamalar

Kanalların beton üzlüyə alınması su itkisinin qarşısını almaqla yanaşı, suvarmanı da sürətləndirir VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının əkin sahələrinin su təminatını həyata keçirir. Şamaxıda 6870 hektar, Qobustan rayonunda isə 1147 hektar suvarılan əkin sahəsi mövcuddur ki, bu sahələri suvarmaq üçün 138 kilometrlik torpaq kanallardan istifadə olunur.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, idarə tərəfindən hər il mütəmadi olaraq torpaq məcralı kanalların lildən təmizlənməsi, beton üzlüyə alınması prosesi davam edir. Kanalların beton üzlüyə alınması isə su itkisinin qarşısını almaqla yanaşı, suvarmanı da sürətləndirir. Görülən işlər Şamaxı və Qobustan rayonlarında fermerlərin işini asanlaşdırır.
Şamaxıda suvarmanı mütəşəkkil təmin etmək üçün əsasən sututarlardan istifadə olunur. Yaradılan sututarları suvarmada böyük rola malik olmaqla yanaşı, həm də ehtiyat rolunu oynayır. Yay aylarında, quraqlıq dövründə suvarma suyuna ehtiyac olduqda məhz sututarlardan kanallara su ötürülməklə sahələr suvarılır.
Qeyd edək ki, Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının əkin dövriyyəsində olan 8400 hektardan artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Onlardan 4380 hektarı taxıl, 3500 hektarı yem bitkiləri, 490 hektarı çoxillik əkinlər, 30 hektarı bostan-tərəvəz, 50 hektarı isə həyətyanı sahələrdir.

 

 

 

Regionlar 2022-07-01 10:30:00

Video