×
A
A
A
Sazlamalar

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı ərəb mətbuatının diqqət mərkəzindədir

Qahirə, 1 iyul, AZƏRTAC

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı ərəb mətbuatının diqqət mərkəzindədir.
Misirin rəsmi MENA agentliyi, “Əl Diplomasi”, “Əl Bələd”, “Şuruq”, “Əxbar Əl Yom” və digər mətbu orqanları Bakı konfransının açılış mərasimində Misir Senatının spikeri Əbdel Vahab Əbdel Razeqin çıxışına geniş yer verib. Xəbərlərdə qeyd olunub ki, parlamentin yuxarı palatasının rəhbəri Prezident Əbdülfəttah əs-Sisinin qardaş salamını və iki ölkə arasında əlaqələrin 30 illiyi ilə bağlı təbrikini Azərbaycanın dövlət başçısı İlham Əliyevə çatdırıb. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi dövründə qazandığı uğurları yüksək qiymətləndirib, Misirin 1955-ci il Bandunq Konfransının prinsiplərinə sadiq olduğunu vurğulayıb.
Misirin “Əl Diplomasi” portalı AZƏRTAC-a istinadla Bakı konfransının açılışı barədə ərəb dilində xəbəri və Prezident İlham Əliyevin çıxışının ingilis dilində tam mətnini yerləşdirib.
Küveytin rəsmi KUNA agentliyi, “Kuwaitpress”, “Q8Hashtagat”, “Dasman” qəzet və portalları Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında Prezident İlham Əliyevin çıxışının xülasəsini, habelə Küveyt Milli Assambleyasının spikeri Marzuq Al Ğanimin tədbir çərçivəsində keçirdiyi görüşlər haqqında məlumatları dərc edib. KUNA agentliyinin saytında yerləşdirilmiş xəbərdə dövlətimizin başçısının BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının əhəmiyyəti, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etməsi, ölkəmizin hərəkata sədrliyi dövründə səmərəli fəaliyyəti barədə fikirlərinə geniş yer ayırıb.
İordaniyanın rəsmi Petra agentliyi, “Əl Ənbat”, “Oroba” qəzetləri də Bakı konfransında Prezident İlham Əliyevin çıxışından əsas məqamları, həmçinin bu ölkənin Senatının spikeri Faysal Al Fayezin çıxışının xülasəsini yayımlayıb. Xəbərlərdə vurğulanıb ki, ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər tədbir Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir təzahürüdür.
Əlcəzairin rəsmi APS agentliyi, “Əl Hərir”, “Şuruk” qəzetləri AZƏRTAC-a istinadla Bakı konfransının açılış mərasimi barədə xəbərlər, habelə bu ölkənin Xalq Milli Assambleyasının spikeri İbrahim Buqalinin tədbir zamanı müxtəlif ölkələrin parlament rəhbərləri ilə görüşləri haqqında məlumat yayımlayıb.
Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi bu ölkənin Şura Məclisinin spikeri Şeyx Abdulla bin Məhəmməd bin İbrahim Əl Şeyxin də iştirak etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında geniş xəbər yayımlayıb.
Bəhreynin rəsmi BNA agentliyi krallığın Şura Məclisinin vitse-spikeri Camal Faxrunun Bakı konfransında iştirakı, həmçinin bir çox ərəb ölkələrinin KİV-i Ərəb Parlamentinin spikeri Adel bin Əbdul Rəhman Al Asuminin bu mötəbər tədbirdə çıxışının əsas məqamlarını yayımlayıb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2022-07-01 03:17:00