×
A
A
A
Sazlamalar

Qətər Şura Məclisi sədrinin müavini: Azərbaycanla əlaqələrin inkişafında, parlamentlərarası təcrübə mübadiləsində maraqlıyıq

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Şura Məclisi sədrinin müavini Hamda bint Hasan Al-Sulaitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Fəzail İbrahimli onların Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirakını yüksək qiymətləndirib. O, qonaqlara 44 günlük Vətən müharibəsindən və postmüharibə dövrünün reallıqlarından söz açıb. Fəzail İbrahimli Azərbaycan dövlətinin bu Qələbəyə gətirib çıxaran uzunillik fəaliyyətinə toxunaraq Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordunun şücaəti, xalqın birliyi sayəsində öz gücümüzə ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb. Milli Məclis sədrinin müavini Azərbaycanı bu haqq işində İslam aləminin, o cümlədən Qətər Dövlətinin dəstəkləməsini xüsusi qeyd edib və buna görə təşəkkürünü bildirib.
Fəzail İbrahimli Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə mədəni-tarixi və dini abidələrimizə, xüsusən də məscidlərimizə qarşı törətdiyi vandallıqlardan danışıb. Ölkələrimizin tarixlərindəki oxşarlıqlara diqqət çəkən Milli Məclis sədrinin müavini həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda münasibətlərimizin milli maraqlarımıza cavab verdiyini bildirib.
Qətər Şura Məclisi sədrinin müavini Hamda Al-Sulaiti görüşə görə təşəkkür edib, xalqlarımızın ortaq dəyərlərinə nəzər salıb, Qətərin çətin günlərində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Xalqlarımız arasındakı oxşarlıqların əlaqələrimizin daha da inkişafı üçün gözəl zəmin olduğunu bildirən Hamda Al-Sulaiti Azərbaycanla əlaqələrin inkişafında, parlamentlərarası təcrübə mübadiləsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev və işçi qrupunun üzvü Tahir Kərimli parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıblar, 2022-ci ilin sonunda keçiriləcək futbol üzrə dünya çempionatına Qətərin ev sahibliyi etməsini yüksək dəyərləndiriblər. Deputatlar Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının uğurlu fəaliyyət göstərdiyini qeyd ediblər və Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin əhəmiyyətindən danışıblar.
Söhbətdə Qətər Şura Məclisinin üzvləri Yusif Ali al-Kater, Nasser Mohd al-Naimi və Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzab ölkələrimiz arasında əməkdaşlığın, parlamentlər səviyyəsində əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüblər, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunublar.
Görüşdə tərəfləri maraqlandıran digər mövzular barədə fikir mübadiləsi aparılıb.

Siyasət 2022-06-30 21:24:00