×
A
A
A
Sazlamalar

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı çərçivəsində nümayəndə heyəti rəhbərlərinin iclası keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı çərçivəsində nümayəndə heyəti rəhbərlərinin iclası keçirilib. Bakı konfransı “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib.
Sahibə Qafarova sözü nümayəndə heyətləri rəhbərlərinə verməmişdən əvvəl BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin videomüraciəti nümayiş etdirilib.
Abdulla Şahid bu günlərdə Azərbaycana səfəri çərçivəsində qonaqpərvərliyə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Milli Məclisin rəhbərliyinə öz təşəkkürünü bildirib.
“Mən COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidentinin səylərini yüksək qiymətləndirir və öz dərin təşəkkürümü bildirirəm”, - deyə A.Şahid vurğulayıb.
Parlament çoxtərəfliliyindən danışan BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri bildirib ki, qlobal çağırışlar fonunda Qoşulmama Hərəkatı və Parlament Şəbəkəsinin rolu xüsusi önəm kəsb edir. O deyib: “Biz mövcud problemləri yalnız bir beynəlxalq səylər nəticəsində birgə həll edə bilərik. Bu işdə parlamentlər də öz sözünü deməlidir. Qlobal problemlərə qarşı səylərimizi birləşdirməliyik”.
Sonra Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun videomüraciəti təqdim olunub.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzunun artdığını diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ölkəmizin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcəyini vurğulayıb.
“Azərbaycan çox bacarıqlı və müdrik siyasət yürüdür. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bütün səylərini ortaya qoyur. Koronavirusla mübarizə zamanı çoxtərəfliliyin nə qədər vacib olduğunu bir daha gördük. Qlobal məsələlərlə qlobal işbirliyi şəklində mübarizə aparılmalıdır. Terror bu gün bütün dünyanın gündəmində duran əsas məsələdir", - deyə Mustafa Şentop vurğulayıb.
Azərbaycanın otuz il ərzində uzun yol qət edərək öz siyasi kursunu uğurla yürütdüyünü və regionun əsas oyunçusuna çevrildiyini vurğulayan Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani bildirib ki, dünyanın aparıcı təşkilatlarından biri olan Qoşulmama Hərəkatı beynəlxalq arenada bölünmələrə və qütbləşməyə qarşı öz təsirini davam etdirir və dünya ölkələrini sülhün, əməkdaşlığın təmin olunmasına təşviq edir.
“Müasir dünya qloballaşma, qarşılıqlı əlaqə və əməkdaşlığa doğru sürətlə irəliləyir. Eyni zamanda, dünya ölkələri müharibələrin yalnız həyat və əmlakın məhv edilməsi olduğunu öyrənməyə davam edir. Hamımız münaqişələri sülh yolu ilə həll etməyə çalışmalıyıq. Pakistan qlobal sülh, çiçəklənmə və inkişaf naminə əməkdaşlığı hər zaman dəstəkləyib”, - deyə Məhəmməd Sadiq Sancrani diqqətə çatdırıb.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva isə çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının məqsədi xalqlara sülh bəxş etmək və suverenliyimizi qorunmaqdır. Bildirilib ki, Bakı konfransı vasitəsilə Qoşulmama Hərəkatına üzv ölkələri narahat edən məsələlərə çarə tapmağa, mexanizmlər işləməyə çalışacağıq.
Tənzilə Narbayeva Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrin genişlənməsində öz müsbət rolunu oynayacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Türkmənistan Milli Gengeş Məclisinin sədri Gulşat Mamedovanın sözlərinə görə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi dialoq mədəniyyətini inkişaf etdirməyə, bununla da sülhə və sabitliyə töhfə verməyə imkan yaradacaq. O, həmçinin Bakı Bəyannaməsinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına da mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
İordaniya Nümayəndələr Palatasının sədri Əbdül Kərim Əl Deqmi qeyd edib ki, bu gün Rusiya-Ukrayna fonunda dünyanın yenidən bloklara bölünməsinin şahidi oluruq: “Biz Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu böhranın həllinə töhfə verəcəyini gözləyirik. Digər tərəfdən, İordaniya dünyanı Suriya və İraqın ərazi bütövlüyünün qorunmasına çağırır. Dünyada və Yaxın Şərqdə sülhün açarı Fələstin probleminin ədalətli həllidir”.
İclasda, həmçinin digər çıxış edənlər - Misir Senatının sədri Abdel Vahab Abedel Rzaeq, Cibuti Milli Məclisinin sədri Məhəmməd Əli Houmed, Mərakeş Nümayəndələr Palatasının sədri Raçid Talbi El Alami, Əlcəzair Milli Assambleyasının sədri Brahim Buqali və Ərəb Parlamentinin Prezidenti Adel Əl-Asumi ölkələrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətini dəstəklədiyini vurğulayıblar. Onlar Parlament Şəbəkəsinin sülhə və inkişafa xidmət göstərəcəyinə inandıqlarını söyləyiblər.
Dünyada baş verən hadisələrdən bəhs edən parlamentarilər Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər. Parlament Şəbəkəsinin Bakı konfransında iştirakçıların sayının çoxluğunun üzv ölkələrin Şəbəkənin fəaliyyətinin effektiv olacağına inamının ifadəsi kimi dəyərləndiriblər.
Vurğulanıb ki, vaxtında yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi olacaq.
Qonaqlar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.
Konfrans iyulun 1-də işini başa çatdıracaq.

Xarici siyasət 2022-06-30 21:02:00