×
A
A
A
Sazlamalar

“Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi” mövzusunda seminar keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi” mövzusunda seminar keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov dövlət-özəl əməkdaşlığının bir nümunəsi kimi belə görüşlərin ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verdiyini bildirib. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ölkə iqtisadiyyatında azad bazar prinsiplərinin formalaşdırılması, antiinhisar nəzarəti və rəqabət sahələrində institusional islahatların aparıldığını qeyd edib, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Sonra dövlət satınalmaları qanunvericiliyi və mərhələləri, satınalmalarda iştirakın planlaşdırılması, ixtisas uyğunluğu göstəriciləri, müqavilənin icrası, satınalma ilə bağlı şikayətlər, elektron satınalmalarda iştirakın əyani təqdimatı, satınalma sənədləri, təkliflərin təqdim edilməsi, təkliflərin qiymətləndirilməsi, satınalmanın nəticələri barədə panellər keçirilib.
150-dək sahibkarın iştirakı ilə keçirilən seminar geniş sual-cavab paneli ilə davam edib.

İqtisadiyyat 2022-06-30 19:16:00