×
A
A
A
Sazlamalar

Avropa İttifaqının səyahət nəşrində Ağalı “ağıllı kənd”i haqqında məqalə dərc olunub

Brüssel, 30 iyun, AZƏRTAC
Avropa İttifaqının (Aİ) tanınmış “Travel Tomorrow” səyahət nəşrində “Azərbaycanın Ağalı “ağıllı kəndi” Avropanı və dünyanı sosial yoxsulluqla mübarizəyə necə ruhlandırır” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ağalı layihəsi də daxil olmaqla, "ağıllı yaşayış məntəqələri" konsepsiyasının yaradılmasında və həyata keçirilməsində Azərbaycanın lider olaraq Avropanı və bütün dünyanı sosial yoxsulluqla mübarizəyə necə yol açdığından bəhs edilir. “Ağıllı şəhər”lərə investisiyaların qoyulması rəqəmsal və telekommunikasiya texnologiyalarından istifadə edilməsi sayəsində şəhər ərazilərinin səmərəliliyinin artırılmasına yönələn irəliyə doğru atılan addımdır. Məqalədə deyilir ki, eyni düşüncə və sədaqətlə kənd rayonlarının potensialını üzə çıxarmaq, əhalinin həssas qruplarının həyat səviyyəsini yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq mümkün olacaq.
Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi qonşu Ermənistanın uzun müddət işğalından sonra xarabalığa və minalanmış ərazilərə çevrilib. İndi o kənd yeni binalar, intellektual idarəetmə mərkəzi, kənd təsərrüfatı xidmətləri ofisləri, tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və orta məktəb – ora geri qayıdan icmanın inkişafı üçün lazım olan infrastruktur obyektləri sayəsində tamamilə dəyişib.
110 hektardan çox ərazidə hər bir bina lifli izolyasiya, elektrodlu su qızdırıcısı, günəş batareyaları və digər “yaşıl” texnologiyalarla təchiz olunub ki, bu da kəndi müasir şəhərtipli qəsəbəyə çevirir. Ağalı kəndi artıq 2022-ci ilin may ayında ilk sakinlərini qəbul edib. İlkin olaraq 200-ə yaxın nəfərdən ibarət 41 ailə köçkün siyahısına daxil edilib.
“Ağıllı şəhərlər” kimi, “ağıllı kəndlər” də kənd yerlərinin potensialını maksimal dərəcədə artırmaq üçün nəzərdə tutulub. Burada ənənəvi və yeni infrastruktur şəbəkələri və xidmətləri rəqəmsal və telekommunikasiya texnologiyaları, innovasiyalar və sakinlərin və biznesin rifahı üçün biliklərdən daha yaxşı istifadə edilməsi vasitəsilə təkmilləşdirilir.
Yeni Azərbaycan layihəsinə bir sıra əsas komponentlər - "ağıllı infrastruktur", "ağıllı idarəetmə", "ağıllı energetika", "təhsil və səhiyyə sahəsində ağıllı xidmətlər", "ağıllı kənd təsərrüfatı", məşğulluq və biznes sektoru daxildir.
Layihə su, enerji və yol infrastrukturunun “ağıllı bulud platforması”na inteqrasiyasına yönəlib. Kənd sakinləri yüksəksürətli genişzolaqlı bağlantılar, fiber-optik internetə və idarəetmə sistemini yenidən qurmağa, rəqəmsal savadlılığı artırmağa, o cümlədən onlayn tibbi məsləhətləşmələrə imkan verəcək bir sıra intellektual infrastruktur və xidmətlərə çıxışa ümid edə bilərlər. Bankomatlar olan apteklərə çıxışın yeni konsepsiyası da heyranedicidir.
Ağalı davamlı enerji sahəsində də ön sıralarda olmağı vəd edir. Kənd uşaq bağçalarının və məktəblərin qızdırılması üçün günəş kollektorlarının vasitəsilə suyun qızdırılması, 212 kvt gücündə üç böyük külək turbini və istilik nasoslarından istifadə edərək, əsasən alternativ və bərpa olunan enerji mənbələrinə arxalanacaq.
“Biz hesab edirik ki, inteqrasiya olunmuş intellektual həllər sayəsində Ağalı “ağıllı kəndi” kənd yerlərinə davamlı investisiyaların icmalara verə biləcəyi çoxlu imkanları bütün dünyaya nümayiş etdirərək bir çox ailələrin sosial inkişafına töhfə verəcək”, - deyə nəşr Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıxovun sözlərindən sitat gətirir.
Yeni gələn sakinlərin yerləşdirilməsi üçün hökumət onları işlə təmin edir. Bunun üçün mehmanxana sektorunda (mehmanxana və turizm, ictimai iaşə) 116 iş yeri, camışçılıq təsərrüfatında və camış südünün emalı sahəsində 60 iş yeri, beton zavodunda 53 iş yeri, kənd təsərrüfatında 200 daimi və mövsümi iş yeri, dövlət müəssisələrində 108 iş yeri açılıb.
“Layihə sayəsində Ağalı kəndi yüksək inkişaf etmiş kənd təsərrüfatı və turizm infrastrukturuna malik beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevriləcək”, - deyə bu layihəyə cavabdeh olan agentliyin rəhbəri Mirzə Əliyev “The Parliament” jurnalına bildirib.
Ağalı, həmçinin "təmiz və əlverişli enerji" (DİM 7), "sağlamlıq və rifah" (DİM 3), "yoxsulluğun olmaması" (DİM 1), “məsul istehlak və istehsal” (DİM 12), “layiqli iş və iqtisadi artım” (DİM 8) və “iqlim sahəsində hərəkətlər” (DİM 13) kimi bəndlərin icra olunmasını təmin edib.
İyunun 20-də, Ümumdünya Qaçqınlar Günü qeyd olunan gün Azərbaycanın Xarici İşlər Nazirliyi Ağalı “ağıllı kənd”inin öz torpaqlarına qayıdan məcburi köçkünləri tezliklə qəbul edəcəyini açıqlayıb.
“Azərbaycan məcburi köçkünlərin geri qayıtmasını səbirsizliklə gözləyir və Qarabağ regionu üçün yeni səhifənin açılışını qeyd edir. Ağalı “ağıllı kənd”i tezliklə məcburi köçkün ailələrini qəbul edəcək”, - nəşr Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova istinadla bildirib.
Son illər ərzində Brüssel Aİ-nin kənd təsərrüfatı siyasəti və kənd rayonlarının inkişafı proqramları çərçivəsində kənd rayonlarının bərpası yolları üzərində işləyib. Hələ 2016-cı ildə Avropa Komissiyası Aİ-nin “Ağıllı kəndlər üçün Fəaliyyət” proqramını işə salmaqla kənd rayonlarına xüsusi diqqət yetirib. Bu yaxınlarda, 2022-ci ilin aprel ayında Komissiya “Aİ missiyası”nı işə salıb, həmin missiyanın çərçivəsində 2030-cu ilə qədər bu yaşayış məntəqələrinin iqlim nöqteyi-nəzərdən neytral və ağıllı şəhərlərə çevrilməsinə yönələn layihənin bir hissəsi olacaq Aİ-nin 100 şəhəri müəyyən edilib.
Məqalədə deyilir ki, Azərbaycanda Ağalı “ağıllı kənd”inin uğurunu nəzərə alaraq, Bakı Aİ və qonşu ölkələri Aİ-də kənd yerlərində yerli əhalinin potensialını açmaq və ya hətta sosial yoxsulluqdan əziyyət çəkənlərə yeni həyat vermək üçün Ağalanın təcrübəsini öyrənməyə çağırır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

İqtisadiyyat 2022-06-30 17:45:00