×
A
A
A
Sazlamalar

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Bakı, 30 iyun, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində işğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır, ərazilərdə intensiv, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Təbii ki, Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin edilməli, vətəndaşlarımız işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmalıdırlar.
AZƏRTAC Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar Tərlan Əliyevin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə məqaləsini təqdim edir.
Azərbaycan hökuməti azad olunmuş ərazilərin bərpasında yeni, müasir texnologiyaların – ağıllı texnologiyaların, layihələrin tətbiq olunması istiqamətində tədbirlər görür. Belə ki, beynəlxalq təcrübədən istifadə edilərək işğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq eksperimental layihələrin icrası, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” kimi konsepsiyalar həyata keçirilir.
“Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların əhəmiyyəti böyükdür.
Şübhəsiz ki, “Ağıllı kənd” orada məskunlaşacaq əhali üçün kifayət qədər üstünlüklərə malikdir. Məsələn, bir sıra Avropa ölkələrində bu modeldən uzun müddətdir istifadə edilir. Bu konsepsiya sayəsində həm aqrar sektor inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olunur. “Ağıllı kənd” layihəsi həm də insanlara kənddə pul qazanmaq imkanı yaradır. Kənd sakinlərinin dövlət xidmətlərinə çıxışı kimi məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. “Ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmdir. Məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat da bu konsepsiyanın üstünlüklərindəndir.
Qeyd edək ki, Ağdam, Şuşa, Zəngilan kimi işğaldan azad olunun ərazilərdə aparılan abadlıq quruculuq işləri buğun uğurla davam etdirilir. “Ağıllı şəhər” konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyalar çoxalacaq və geniş iqtisadi imkanlar yaradılacaq. Odur ki, işğaldan azad edilmiş rayonlarda ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə start verilib.
İlk “ağıllı şəhər” layihəsi Ağdamda, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Ağalı “ağıllı kəndi”ndə baş tutacaq. Regionda “ağıllı şəhər”, “ağıllı kənd” layihələri Azərbaycana dost ölkələr olan Türkiyə, İsrail, İtaliya və digər dövlətlərin şirkətlərinin iştirakı ilə sürətlə və yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir.
Ötən ilin mayında Prezident İlham Əliyevə Ağdam şəhərinin, oktyabrda isə Füzuli rayonunun baş planları təqdim edilib. Ağdamda inşaat işləri “ağıllı şəhər” konsepsiyasına uyğun aparılır.
Qeyd edildiyi kimi, birinci pilot layihə - “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılır.
Prezident İlham Əliyevin iştirakı ilə layihənin icrasına başlanılıb. “Ağıllı kənd” konsepsiyası əsasında Ağalı kəndində yaşayış massivinin salınması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçirildiyini təsdiqləyir.
Kənddə layihənin icrası 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Keçən il inşaat işləri başlanan Ağalıda tam tədric olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evdən ibarət gözəl “ağıllı kənd” salınıb. Layihəyə əsasən, Ağalı kəndində məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bundan başqa, kəndin genişləndirilməsi və əlavə 150 evin, iki mərtəbəli və üçmərtəbəli mənzil tipli evlərin inşası nəzərdə tutulur. Yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq.
Bir sözlə, Ağalı kəndi “ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşüb. Burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.
Əslində isə belə pilot layihələrin çox olması günün tələbidir.
Hazırda “Ağıllı kənd” konsepsiyası əsasında ilkin işlər Zəngilanın Ağalı kəndində aparılır. Füzuli rayonunun Dövlətyarlı ərazisində də eyni tipli böyük yaşayış məntəqəsi yaradılır. Beş kəndi birləşdirən bu layihə, cari ilin sonuna qədər tamamlanacaq və kəndlər həqiqi sahiblərinin ixtiyarına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 ev inşa olunacaq. Bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq.
Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Tikinti̇ 2022-06-30 17:34:00